Türkiyənin ticarət naziri Ömər Bolat Ukrayna parlamentinin Türkiyə ilə azad ticarət sazişini təsdiqləməsini mühüm hadisə kimi qiymətləndirib. Sazişin iki ölkə arasında ticarət əlaqələrini dərinləşdirəcəyi və qarşılıqlı ticarətin liberallaşdırılmasını sürətləndirəcəyi gözlənilir.
Ömər Bolat Ukrayna parlamentinin azad ticarət sazişini təsdiqləməsini "tarixi mərhələ” adlandırıb.
Qaynarinfo-nun verdiyi xəbərə görə, nazir sosial şəbəkədə bildirib ki, Türkiyə ilə Ukrayna arasında azad ticarət sazişi 2024-cü ildə Türkiyədə ratifikasiya edilib, iyulun 14-də isə Ukrayna parlamenti tərəfindən təsdiqlənib.
"Bu mühüm addım sazişin qüvvəyə minməsi istiqamətində yeni mərhələdir və Türkiyə ilə Ukrayna arasında iqtisadi-ticarət əlaqələrində yeni dövrün başlanğıcını qoyur”, — deyə o qeyd edib.
Bolatın sözlərinə görə, saziş iki ölkə arasındakı qarşılıqlı ticarətin təxminən 90 faizinin liberallaşdırılmasına imkan verəcək. Bu isə Türkiyə ixracatçılarının Ukrayna bazarında rəqabət qabiliyyətini artıracaq.
Bundan əlavə, xidmətlər ticarətinin asanlaşdırılması logistika şəbəkələrini gücləndirəcək, podratçılıq xidmətlərinin və qarşılıqlı investisiyaların daha şəffaf və etibarlı hüquqi mühitdə inkişafına şərait yaradacaq.
"Bu, Prezident Rəcəb Tayyib Ərdoğan və Prezident Volodimir Zelenski tərəfindən müəyyənləşdirilmiş 10 milyard dollarlıq ikitərəfli ticarət hədəfinə doğru atılan növbəti addımdır”, — deyə nazir vurğulayıb.
O bildirib ki, 2024-cü ildə 6,2 milyard dollar, 2025-ci ildə isə 6,6 milyard dollar təşkil edən ikitərəfli ticarət dövriyyəsi bu ilin ilk altı ayında 10 faiz artaraq təxminən 3,2 milyard dollara çatıb.
Şərhlər