Bakıda ofisiant kimi iş tapmaq ümidi ilə evdən çıxan iki gənc həmin gün soyğunçuluq törədərək cinayət məsuliyyətinə cəlb olunub.
Qaynarinfo-nun məlumatına görə, məhkəmə araşdırması zamanı müəyyən edilib ki, təqsirləndirilən şəxslər əvvəlcə birlikdə "Təbrik" şadlıq sarayına ofisiant kimi işə düzəlmək niyyəti ilə yola düşüblər. Lakin bir müddət gəzdikdən sonra bu fikirdən daşınıblar.
İş materiallarına görə, həmin vaxt onların ümumilikdə cəmi 1 manat 50 qəpik pulu olub. Maddi imkansızlıq səbəbindən pul əldə etmək qərarına gələn gənclər qarşılarına sərxoş vəziyyətdə olan bir şəxsin çıxacağı təqdirdə onun mobil telefonunu götürərək qaçmağı planlaşdırıblar.
Hadisə axşam saatlarında baş verib. İttihama əsasən, əvvəlcədən razılaşdırılmış plana uyğun olaraq, onlardan biri zərərçəkmiş şəxsdən saatı soruşaraq onun diqqətini yayındırıb. Digər şəxs isə arxadan yaxınlaşaraq zərərçəkmişin arxa cibində olan, təxminən 1000 manat dəyərində "iPhone 15 Pro Max" markalı mobil telefonu, içərisindəki iki SİM kartla birlikdə götürərək qaçıb. Hər iki şəxs daha sonra hadisə yerindən uzaqlaşıb.
Onlar mobil telefonu əvvəlcə yaşadıqları məhəllədə daşın altında gizlədiblər. Ertəsi gün telefonu satmaq məqsədilə Neftçilər metrostansiyası yaxınlığındakı telefon dükanlarına müraciət etsələr də, cihazın şifrəsini bilmədikləri üçün onu sata bilməyiblər. Daha sonra telefonu tanışlarından birinə verərək guya tapdıqlarını bildiriblər və satılacağı təqdirdə xəbər gözləyiblər.
Hər iki təqsirləndirilən şəxs məhkəmədə elan olunmuş ittiham üzrə özlərini təqsirli biliblər. Onlar törətdikləri əməldən peşman olduqlarını, zərərçəkmiş şəxslə barışdıqlarını və vurulmuş maddi ziyanın tam ödənildiyini bildirərək azadlıqdan məhrumetmə ilə bağlı olmayan cəza təyin edilməsini xahiş ediblər.
Zərərçəkmiş şəxs də məhkəmədə ona dəymiş 1020 manat məbləğində ziyanın tam ödənildiyini, təqsirləndirilən şəxslərlə barışdığını və onlara qarşı hər hansı şikayət və ya tələbinin olmadığını bildirib.
Məhkəmə hər iki şəxsi Cinayət Məcəlləsinin 180.2.1-ci maddəsi (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilmiş soyğunçuluq) ilə təqsirli bilərək hər birinə 3 il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edib.
Eyni zamanda, Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq olunaraq cəza şərti hesab edilib. Hər iki şəxs üçün 1 il 6 ay sınaq müddəti müəyyən edilib və bu müddətdə yaşayış yerini probasiya orqanına məlumat vermədən dəyişməmələri öhdəliyi qoyulub.
Seyid
Şərhlər