Siyasət 18:04 18.04.2023

Vahid Əhmədov niyə flügerlik edir?

Milli Məclisin deputatı Vahid Əhmədov blogger Mehman Hüseynova verdiyi müsahibədə parlamentin, həmkarlarının və dolayısı ilə bütövlükdə hakimiyyətin ünvanına tənqidi fikirlər səsləndirib. 

Əlbəttə ki, sağlam tənqid cəmiyyətin, dövlətin inkişafı üçün vacibdir. Deputatın başlıca vəzifələrindən biri də nöqsanları dilə gətirmək və aradan qaldırılmasını tələb etməkdir. Amma Vahid Əhmədovun tənqidi fikirlərini bu qəbildən hesab etmək mümkün deyil. Niyəsini izah edək.

Vahid Əhmədov sovet nomenklaturasının yetirməsidir. Müxtəlif vəzifələrdə çalışıb, nəhayət, Nazirlər Sovetinə yol tapıb. 

Azərbaycanda Milli Azadlıq Hərəkatı başlayanda o zamankı prezident Ayaz Mütəllibovun komandasında yer alıb. Əsl nomenklatura nümayəndəsi kimi həm də Mütəllibov hakimiyyətini devirmək istəyən Azərbaycan Xalq Cəbhəsi Hərəkatı ilə də təmasda olub.

Mütəllibov hakimiyyəti devrildikdən sonra baş nazirin birinci müavini təyin edilib. Cənab Əhmədovun bu vəzifəyə hansı xidmətləri müqabilində layiq görüldüyü bəlli deyil. Böyük ehtimalla Mütəllibovun komandasında yer almağına rəğmən AXC-yə hansısa reveranslarının nəticəsi olaraq yüksək vəzifə ilə mükafatlandırılıb. 

Maraqlı faktlardan biri də odur ki, Vahid Əhmədov 1980-ci illərin sonlarında Azərbaycan Kommunist Partiyası Nizami rayon təşkilatnın büro üzvü olub. Alovlu kommunist həm də Azərbaycanın müstəqllik aktının hazırlanmasında iştirak edib. 

Vahid Əhmədovun siyasi flügerliyi bununla bitmir. 1993-cü ildə baş nazirin birinci müavini vəzifəsindən azad edildikdən sonra 2005-ci ilə qədər kölgəyə çəkilib. Ölkədə gedən ictimai-siyasi proseslər barədə heç bir fikir bildirməyib, siyasi xadim kimi heç bir fəaliyyəti olmayıb.

2005-ci ildə "narıncı inqilab” avantürasından təsirlənərək yenidən siyasi arenaya qədəm qoyub və "Yeni Siyasət” Seçki Blokunun təsis olunmasında iştirak edib. Elə bu blokdan da parlamentə yol tapıb. 

Deputat olduğu ilk illərdə Vahid Əhmədov digər həmkarlarından heç nə ilə fərqlənməyib. Hakim siyasi xəttə uyğun fəaliyyət göstərib. Tənqidləri adətən cəmiyyət üçün elə də əhəmiyyətli hesab edilməyən məsələlər barədə olub. Bununla o, özündə tənqidçi deputat obrazı formalaşdırmağa çalışıb. Bu gün də həmin taktikanı davam etdirir və tənqidçi obrazını daha da tündləşdirir. Korporativ maraqlara xidmət edən, yaxud əhəmiyyətsiz mövzularda danışır, lakin vacib məsələlər barədə susmağa üstünlük verir. Məsələn, Vahid Əhmədov bu gün məmurların biznes fəaliyyəti ilə məşğul olduğuna diqqət çəkərək bunun qanunsuz olduğunu deyir. Düz deyir. Qanun məmurlara bizneslə məşğul olmağı qadağan edir. Amma Vahid Əhmədov bunu məsələn, dostu, keçmiş müdafiə naziri Səfər Əbiyev barəsində niyə demirdi? Məgər Səfər Əbiyevin biznesi yox idi? Var idi, amma Vahid Əhmədovun bunu tənqid etməyə həvəsi yox idi. Çünki Əbiyevin yaxın çevrəsinə daxil olan və onun maraqlarının müdafiəçisi kimi çıxış edirdi. 

Yaxud, əsgər ölümləri ilə bağlı cəmiyyətdə təlatümlər yaşananda Vahid Əhmədov niyə susurdu? Cavab bəllidir. Çünki müdafiə naziri Səfər Əbiyev idi. 

Başqa bir fakt. 11 il milli təhlükəsizlik naziri vəzifəsini daşımış Eldar Mahmudovun əməlləri barədə mətbuat həyəcan təbili çalanda niyə Vahid Əhmədov parlamentdə bununla bağlı məsələ qaldırmırdı? Bəlkə Eldar Mahmudovla kontaktlarına görə? Hətta iddialara görə, Vahid Əhmədovun ara-sıra tənqid hədəfi olan məmurlar barədə faktlar deputata Mahmudovun MTN-nindən ötürülürmüş. Yəni, o tənqidlər də cəmiyyətin mənafeyi naminə səsləndirilməyib. 

Bütün bunlar Vahid Əhmədovun tənqidi fikirlərinə şübhə ilə yanaşmaq üçün əsasdır. Bəlkə indi də hansısa maraqlar naminə danışır. Axı flügerlik peşə yox, xarakterdir, dəyişmir.

Aydın