Siyasət 11:19 08.01.2023

Vitalinin "vurulması": Xankəndidə qarşıdurma kəskinləşir

Vitali Balasanyanı müharibədən sonra separatçıların qondarma "təhlükəsizlik katibi” postuna Rusiya gətirmişdi və Qarabağdakı silahlı dəstələrin nəzarəti ona verilmişdi. Məqsəd sülhməramlılar bölgəyə gələndən sonra Paşinyana yaxın olan Araikin təsirinə qarşı hərbi gücü ələ keçirmək idi.

Kremlin Ruben Vardanyanı bölgəyə göndərməsindən sonra Balasanyanın "vurulması” bu kontekstdə maraqlıdır: ruslar "hərbi gücü” "siyasi güc”lə əvəz edirlər;

Vardanyanla Balasanyan arasında qarşıdurmanın olduğuna dair məlumatlar var idi. Son dövrlər Balasanyanın Azərbaycanla "əlaqələr”də ittiham olunması da bu qarşıdurmadan qaynaqlanırdı. Və ilk versiyada belə görünür ki, Ruben qarşıdurmadan qalib çıxdı. Bu, həm də Vardanyanın bölgədə Rusiyanın dəstəyini bütöv əldə edən fiqura çevirir.

İstisna deyil ki, artıq "istifadəyə yararsız” olan Balasanyanın göndərilməsi Rusiyanın Vardanyanın yolunun tam açmasıdır. Lakin Rubenin getdiyi adresin separatçı rejimin "başçısı” postu olduğu şübhə doğurur, xüsusilə rusların bölgədə mövcudluğu məsələsi sual altında olması baxımından.

Hələ az ehtimal kimi görünsə də, Vardanyanın əsas hədəfinin separatçı rejimi ələ keçirməkdən daha çox, Qarabağdan Ermənistan siyasətinə transformasiya etmək və Paşinyanı "taxtdan” endirmək olduğu istisna deyil. Aydındır ki, belə bir mümkün ssenari Rusiya tərəfindən hazırlanıb və Vardanyan "arsax döyüşçüsü” kimi Ermənistan siyasətinə atıla bilər. O baxımdan, Vitalinin Rubenin "İrəvan yolundan” kənarlaşdırıldığını demək mümkündür. Kremlin Qarabağda "hərbi gücü” "siyasi güc”lə niyə əvəz etdiyinə də bu kontekstdə baxa bilərik.

İndiki halda isə baş verənlər separatçı rejimin daxilində qarşıdurmanın olduğunu açıq şəkildə göstərir. Qarabağda həyat şərtlərinin çətinləşməsi bu "didişməni” daha da kəskinləşdirə bilər və bu, bütün hallarda xeyrimizədir.

Asif Nərimanlı