"Lavrovun bu sayaq açıqlaması ölkəsinin qonşulara ikili standartlardan yanaşdığına işarədir və ritorikadan başqa bir şey deyil".
Bunu Qaynarinfo-ya açıqlamasında siyasi şərhçi Mehman Əliyev Rusiya XİN rəhbəri Sergey Lavrovun Qərbin Xəzəryanı beş dövlət arasında işbirliyini dağıtmağa çalışdığı barədə bəyanatını şərh edərkən deyib.
"Sovet rejimi dağılandan sonra ənənəvi olaraq Qərb şirkətləri Azərbaycan, Qazaxıstan, Türkmənistan, yəni Xəzəryanı ölkələrin enerji mənbələrinə, kommunikasiya yolları, logistikasına maraq göstəriblər. Böyük Britaniya, ABŞ və başqa ölkələrin böyük şirkətləri gələrək, sözügedən regionda iştirak etməyə başlayıblar. Lap əvvəldən Rusiya, İran buna qarşı çıxıb. Onlar belə hesab edir ki, bu addımlarla Qərb kapitalı və şirkətləri regionda öz mövqelərini gücləndirmək, Rusiya və İranı sıxışdırıb çıxarmaq istəyir. Bu mənada Rusiya və İran anoloji siyasətini indi də davam etdirir. Lavrovun İran televiziyasına sözügedən açıqlaması da bunu bir daha təsdiqləyir".
Ekspert qeyd edir ki, qonşularının bu addımlarına müsbət yanaşmayan Rusiyanın özü isə Qərb, o cümlədən Amerika şirkətlərini öz ehtiyatlarının istismarına dəvət edir:
"Sibirdə, Uşaq Şərqdə, Arktikada bu istiqamətdə danışıqlar aparır. Hətta bu prosesin genişlənəcəyi də gözlənilir".
Həmsöhbətimiz Rusiya XİN rəhbərinin səsləndirdiyi bu ritorikanın yaxın zamanlarda Moskvanın qonşu ölkələrə münasibətlərində özünü daha kəskin və açıq müstəvidə göstərəcəyinə də inanmır:
"Rusiya özü Qərb, birinci növbədə də Amerikan kapitalının ölkə iqtisadiyyatında iştirakında maraqlıdır".
Bu səbəbdən də ekspert Lavrovun bəyanatının daha çox İran auditoriyasına yönəldiyi qənaətindədir:
"Lavrov verdiyi açıqlamasını İran televiziyasında dediyindən, əminəm ki, bütün deyilənlər daha çox məhz həmin ölkə auditoriyasına yönəlib".
Qeyd edək ki, İran dövlət televiziyasına müsahibəsində Rusiya xarici işlər naziri Sergey Lavrov Qərbin Xəzəryanı 5-lik (Azərbaycan, Qazaxıstan, Türkmənistan, Rusiya və İran) arasında işbirliyini qırıb-dağıtmağa çalışdığını bəyan edib. Onun iddiasına görə, Qərb öz maraqlarını güdərək Xəzəryanı ölkələrə onlar arasında konsensusun mümkün olmadığı planlar sırımaq istəyir.
Lavrovun bu açıqlaması əslində Xəzəryanı ölkələri Xəzər dənizindən keçən və Qərbin də iştirak etdiyi nəqliyyat və enerji axını layihələrindən çəkindirmək məqsədi güdür. Onun nəticəsidir ki, Rusiya XİN rəhbəri bu layihələri "Qərb layihəsi”, "Qərbin maraqlarına xidmət edən layihə” adlandırır.
Rüfət Sultan
Şərhlər