XƏBƏR LENTİ

Şərhlər

Xəbər lenti

"Pilot Inşaat-A"nın rəhbərinə "stop" qoyuldu - Yarım milyonluq borca görə...
Ekonomiks18:46 04.09.2026

"Pilot Inşaat-A"nın rəhbərinə "stop" qoyuldu - Yarım milyonluq borca görə...

Bakı şəhərində, xüsusilə Nəsimi və Nərimanov rayonlarında çoxmərtəbəli yaşayış binalarının tikintisi ilə məşğul olan “Pilot İnşaat-A” Mənzil-Tikinti Kooperativinin rəhbərinin ölkədən çıxışına məhdudiyyət qoyulub.

Qaynarinfo-nun məlumatına görə, 1950-ci il təvəllüdlü, İmişli rayonunun Çahar kəndində anadan olmuş və həmin kənddə qeydiyyatda olan Sabir Mustafayev Əzizağa oğlunun ölkədən çıxışına Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin qərarını icra etmədiyi üçün məhdudiyyət qoyulub.

Nəsimi Rayon İcra Şöbəsinin müraciəti əsasında məlum olub ki, “Pilot İnşaat-A” MTK-nın rəhbəri Sabir Mustafayev 2018-ci ildə vətəndaş Vahid Məmmədovla (ad, soyad şərtidir) müqavilə bağlayıb.

Müqaviləyə əsasən, “Pilot İnşaat-A” MTK vətəndaşa Bakı şəhərində, Səməd Vurğun küçəsinə paralel olaraq tikilmiş binada yerləşən, sahəsi 145 kvadratmetr olan mənzilə görə 382 800 manat, sahəsi 72 kvadratmetr olan mənzilə görə 190 080 manat, həmçinin kirayə haqqı olaraq 9 350 manat olmaqla, ümumilikdə 582 230 manat ödəməli imiş.

Lakin şirkət rəhbəri 2023-cü ilə qədər sözügedən müqavilənin şərtlərini yerinə yetirməyib. Zərərçəkmiş şəxs “Pilot İnşaat-A” MTK-nın rəhbərliyi barəsində məhkəməyə müraciət edib. Məhkəmə borcun ödənilməsi ilə bağlı “Pilot İnşaat-A” MTK barəsində qərar çıxarıb.

Lakin MTK-nın qanuni təmsilçisi Sabir Mustafayev Əzizağa oğlu bu ilə qədər məhkəmə qətnaməsini icra etməyib.

Nəsimi Rayon İcra Şöbəsinin müraciəti əsasında məhkəmə bununla bağlı yeni qərar qəbul edib.

Məhkəmə Nəsimi Rayon İcra Şöbəsinin müraciətini təmin edib. Borc ödənilənədək “Pilot İnşaat-A” MTK-nın icra orqanının rəhbərinin ölkədən getmək hüququ müvəqqəti olaraq məhdudlaşdırılıb.

Aydın