Ekonomiks 19:02 04.12.2023

Yardımlı RİH yolların təmirini yeni eyni şirkətə tapşırdı - "Pro Təmir Tikinti" kimindir?

Bu ilin sentyabr ayında Yardımlı Rayon İcra Hakimiyyətinin rayon yollarının təmiri ilə bağlı keçirdyi tenderin qalibi olan "Pro Təmir Tikinti” MMC yenə də qurumun keçirdiyi satınalma müsabiqəsinin qalibi seçilib. 

Qaynarinfo xəbər verir ki, bu dəfəki tender Yardımlı şəhərinin qərb hissəsində yerləşən bir sıra küçələrdə yolların əsaslı təmiri işlərinin satın alınması ilə bağlı keçirilib. Təmir işləri icra hakimiyyətinə 275 576,07 AZN-ə başa gələcək.

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin reyestr məlumatlarına əsasən, "Pro Təmir Tikinti” MMC 20 oktyabr 2022-ci ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 10 AZN olan şirkətin hüquqi ünvanı Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi, Əliyev küçəsi, ev 30X, mənzil 1-də yerləşir. MMC-nin qanuni təmsilçisi Əliyev İlqar Şamil oğludur. 

Açıq mənbələrdə şirkət və qanuni təmsilçisi barəsində heç bir məlumat yoxdur. Şirkətin nə internet səhifəsi, nə də əlaqə telefonları var. 

"Pro Təmir Tikinti” MMC barəsində mediada gedən və təkzib olunmayan yazılarda şirkətin Yardımlı Rayon İcra Hakimiyyəti başçısının keçmiş müavini Mahir Mirzəyevə bağlı olduğu barədə iddialar yer alıb. 

Cari ilin iyun ayında işdən çıxarılan Mahir Mirzəyev müavin olmaqla yanaşı, həm də sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri vəzifəsində çalışıb. 

Mahir Mirzəyev işdən çıxarılsa da, icra hakimiyyətinə təsiri hələ də qalır. İddia olunur ki, icra hakimiyyətinin Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdir müavini Elçin Mirzəyev onun əmisi oğludur. 

Bu iddialar əsaslıdırsa, o zaman düşünmək olar ki, "Pro Təmir Tikinti” MMC-nin Yardımlı Rayon İcra Hakimiyyətinin tenderlərində qalib seçilməsinin təsadüfi deyil.

Yardımlı Rayon İcra Hakimiyyətinin başçısı Ayaz Əsgərovdur. O, 2016-cı ildə rayona rəhbərlik edir.

Seyid