Cəmiyyətdə tez-tez səsləndirilən "Hazırda yaşayan insanların sayı tarix boyu ölmüş insanların ümumi sayından çoxdur" fikrinin elmi əsaslara söykənmədiyi bildirilir. Demoqrafların hesablamalarına görə, tarix boyu yaşamış insanların sayı bu gün Yer üzündə yaşayanlardan xeyli çoxdur.
Qaynarinfo xəbər verir ki, XX əsrin əvvəllərində dünya əhalisinin təxminən 1,6 milyard nəfər olduğu, hazırda isə 8 milyardı keçməsi bu yanlış təsəvvürün formalaşmasına səbəb olsa da, statistik hesablamalar fərqli mənzərə ortaya qoyur.
Mütəxəssislər qeyd edirlər ki, əhali ilə bağlı etibarlı statistik məlumatlar yalnız XIX əsrdən etibarən sistemli şəkildə toplanmağa başlanıb. Müasir insanın (Homo sapiens) Afrikadan yayılmasının təxminən 60 min il əvvəl sürətləndiyi nəzərə alınarsa, bəşər tarixinin böyük hissəsi üzrə hesablamalar elmi modellərə əsaslanır.
"Population Reference Bureau" (PRB) təşkilatının mütəxəssisləri bildirirlər ki, qədim dövrlərdə həyat şəraiti və tibbi imkanlar indiki səviyyədə olmayıb. Məsələn, Dəmir dövründə Fransada orta ömür uzunluğunun cəmi 10–12 il olduğu təxmin edilir. Bu isə əhalinin davamlılığını təmin etmək üçün doğum səviyyəsinin yüksək olmasını zəruri edib.
Araşdırmaçılar Toşiko Kaneda və Karl Haubun apardıqları genişmiqyaslı tədqiqatda qədim dövrlərdən bu günə qədər əhalinin inkişaf modeli təhlil olunub. Müasir statistik metodlarla aparılan hesablamalara əsasən, eramızdan əvvəl təxminən 190 mininci ildən bu günədək Yer üzündə ümumilikdə 117 milyard insan doğulub.
Bu rəqəm göstərir ki, hazırda yaşayan təxminən 8 milyard insan tarixboyu yaşamış insanların yalnız kiçik bir hissəsini təşkil edir. Hesablamalara görə, ölən insanların sayı yaşayanlardan təxminən 14 dəfə çoxdur.
Mütəxəssislər vurğulayırlar ki, tarix boyu əhali artımı həmişə sabit templə baş vermədiyindən, faktiki rəqəm istifadə olunan metodologiyadan asılı olaraq müəyyən qədər fərqlənə bilər.
Bu gün bəşəriyyət tarixinin ən çoxsaylı dövrünü yaşasa da, tarix boyu yaşamış və artıq həyatda olmayan insanların ümumi sayı hələ də hazırda yaşayan insanların sayını dəfələrlə üstələyir.
Aydın
Şərhlər