Xəbər lenti

Qadınlarda kişilərdə olmayan genetik müdafiə mexanizmi aşkarlandı
Sağlamlıq 19:19 18.07.2026

Qadınlarda kişilərdə olmayan genetik müdafiə mexanizmi aşkarlandı

Qadın ürəyi xəstəlik və patologiyalara qarşı kişi ürəyində olmayan əlavə genetik müdafiə mexanizminə malikdir. 

Qaynarinfo xəbər verir ki, bu barədə "Genes & Development” elmi jurnalında dərc olunan yeni tədqiqatın nəticələrində bildirilir.

ABŞ-li kardioloq və genetiklərdən ibarət tədqiqat qrupu müəyyən edib ki, qadın ürəyinin inkişafı X xromosomundakı genlərin fəaliyyəti ilə əlaqəli xüsusi molekulyar müdafiə mexanizmindən əhəmiyyətli dərəcədə asılıdır. Alimlərin fikrincə, kişi ürəyində demək olar ki, mövcud olmayan bu mexanizm kişilər və qadınlar arasında bəzi anadangəlmə ürək qüsurlarının yaranma tezliyi və ağırlığındakı fərqləri izah edə bilər.

Söhbət X xromosomu tərəfindən sintez olunan DDX3X zülalından gedir. Qadınlarda iki, kişilərdə isə yalnız bir X xromosomu olduğuna görə, qadın ürək hüceyrələri bu zülalı daha çox istehsal edir.

Araşdırma müəlliflərinin sözlərinə görə, DDX3X zülalı molekulyar "təhlükəsizlik mexanizmi" rolunu oynayaraq hüceyrələrin ürək əzələsinin formalaşması və normal ürək ritminin qorunması üçün vacib olan genetik kodun mürəkkəb hissələrini düzgün oxumasına kömək edir.

Siçanlar üzərində aparılan təcrübələr zamanı alimlər DDX3X zülalının istehsalına cavabdeh olan geni süni şəkildə deaktiv ediblər. Nəticələr embrionların cinsindən asılı olaraq kəskin fərqlənib.

Kişi embrionlarının ürəyində bu dəyişiklik nəzərəçarpacaq təsir göstərməyib və onlar sağlam doğularaq normal inkişaf ediblər.

Qadın embrionlarında isə nəticələr ciddi olub. DDX3X zülalı olmadıqda ürəyin əsas strukturlarının formalaşması pozulub, əzələ lifləri nizamsız inkişaf edib, ürək ritmi qeyri-sabitləşib və embrionun inkişafı doğuşdan əvvəl dayanıb.

Məqalədə qeyd olunur ki, bu kəşf kişilər və qadınlarda anadangəlmə ürək qüsurlarının niyə fərqli tezlik və ağırlıq dərəcəsi ilə müşahidə olunduğunu izah etməyə kömək edə bilər.

Aydın

Sorğu

Azərbaycanda 16 yaşa qədər uşaqların sosial şəbəkələrdən qorunması təklifinə münasibətiniz necədir?
--> -->