
Lənkəran şəhərinin park və küçələrində quraşdırma, təmir-tikinti işlərini həyata keçirən “Liman Konstrakşın” MMC fəhlələri əmək müqaviləsi bağlamadan işə cəlb etdiyi üçün 20 min manat cərimələnib.
Qaynarinfo-nun məlumatına görə, şirkətin işə cəlb etdiyi üç fəhlə işlədikləri müddətə görə əməkhaqlarını da ala bilməyiblər.
Fəhlələr müvafiq qurumlara şikayət ediblər. Şikayət nəticəsində aparılan araşdırma zamanı “Liman Konstrakşın” MMC barəsində İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi (Əmək müqaviləsi hüquqi qüvvəyə minmədən fiziki şəxslərin işə cəlb edilməsi) ilə bağlı protokol tərtib edilib və işə Nərimanov Rayon Məhkəməsində baxılıb.

Məhkəmə materiallarına əsasən, Ravid Hacıyev, Xəyal Novruzov və Şahlar Babayev Lənkəranda park və küçələrdə aparılan abadlıq və təmir-tikinti işlərində çalışıblar. Onların ifadələrində əmək müqavilələrinin bağlanmadığı və gördükləri işə görə əməkhaqlarının ödənilmədiyi bildirilib.
Ravid Hacıyev ifadəsində ona aylıq 1000 manat əməkhaqqı və hər 14 gündən bir 500 manat avans veriləcəyinin vəd olunduğunu deyib. O, hər gün saat 08:00-dan 18:00-dək işlədiyini, lakin əməkhaqqını ala bilmədiyini bildirib.
Nərimanov Rayon Məhkəməsi “Liman Konstrakşın” MMC-ni İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə təqsirli bilərək 20 min manat cərimələyib. Şirkətin apellyasiya şikayəti təmin edilməyib və birinci instansiyanın qərarı qüvvədə saxlanılıb. Eyni faktlarla bağlı şirkətin baş direktoru Ruhiyyə Kərimova barəsində də inzibati iş başlanıb və ona 3 min manat məbləğində cərimə tətbiq edilib.

Son bir neçə ay ərzində Lənkəran Şəhər İcra Hakimiyyətinin abadlıq və yaşayış binalarında təmir işləri ilə bağlı keçirdiyi tenderlərdə “Safari” MMC 2 milyon 72 manat, “RASH.M.M.TRADE AND SERVICES-2020” MMC isə 1 milyon 7 min 476 manat məbləğində satınalmanın qalibi olub.
Maraqlıdır ki, Lənkəranın park və küçələrində aparılan təmir-tikinti işlərinə subpodratçı qismində “Liman Konstrakşın” MMC cəlb edilib.
Nizamnamə kapitalı cəmi 10 manat olan şirkətin təsisçisi Kərimov Səxavət Xanoğlan oğlu, baş direktoru isə onun həyat yoldaşı Kərimova Ruhiyyə Valeh qızıdır.

Bir ay əvvəl Qaynarinfo-ya daxil olan məlumat əsasında Taleh Qaraşovun rəhbərlik etdiyi Lənkəran Şəhər İcra Hakimiyyətinə sorğu ünvanlamışdıq. Sorğuda Lənkəran şəhərinin park və küçələrində quraşdırma, təmir-tikinti işlərinə cəlb edilən fəhlələrin əməkhaqlarını ala bilmədikləri qeyd olunmuşdu. Suallarımız isə cavabsız qalmışdı.
O da iddia olunur ki, hazırda işçilərin əməkhaqlarının verilməməsi səbəbindən şəhərin park və küçələrində quraşdırma, təmir-tikinti işləri dayandırılıb.
Aydın