
Lerik Rayon İcra Hakimiyyəti Lerik şəhərinin daxili avtomobil yollarının əsaslı təmiri işlərinin satın alınması ilə bağlı tenderə yekun vurub.
Qaynarinfo xəbər verir ki, tenderin qalibi “Elnur-2” Universal İstehsalat Kommersiya Şirkəti seçilib. Yol təmiri işlərinin dəyəri 595 min 372,48 manat təşkil edir.
Maraqlıdır ki, Lerikdə yolların əsaslı təmiri ilə bağlı satınalmalarda son üç ildə eyni şirkət qalib seçilib.
2025-ci ildə Lerik Rayon İcra Hakimiyyətinin avtomobil yollarının əsaslı təmiri işlərinin satın alınması üçün keçirdiyi tenderin qalibi yenə “Elnur-2” şirkəti olub. Həmin satınalma üzrə müqavilənin maliyyə dəyəri 589 min 899,31 manat təşkil edib. 2024-cü ildə isə eyni istiqamət üzrə keçirilən tender də bu şirkətin qalibiyyəti ilə nəticələnib. Həmin vaxt bağlanan müqavilənin dəyəri 608 min 159,49 manat olub.
Beləliklə, 2024 və 2025-ci illərdə Lerikdə avtomobil yollarının əsaslı təmiri işləri eyni şirkətə həvalə olunub. 2026-cı il üzrə elan edilən satınalma məlumatları da nəzərə alındıqda, “Elnur-2” şirkətinin Lerikdə yol təmiri işləri üzrə ardıcıl illərdə seçilməsi diqqət çəkir.
Mediada “Elnur-2” Universal İstehsalat Kommersiya Şirkəti haqqında dəfələrlə yazılıb. Müxtəlif nəşrlərdə şirkət “tender kralı” kimi təqdim olunub, adı əsasən mübahisəli və şübhə doğuran satınalmalar kontekstində hallandırılıb. Şirkətin xüsusilə cənub rayonlarının yerli icra hakimiyyətlərinin keçirdiyi tenderlərdə qalib gəlməsi də mediada diqqət çəkən məqamlardan biri olub.
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin reyestr məlumatlarına əsasən, “Elnur-2” Universal İstehsalat Kommersiya Şirkəti 28 avqust 2004-cü ildə dövlət qeydiyyatına alınıb. Şirkətin nizamnamə kapitalı 1,6 manatdır. Hüquqi ünvanı Bakı şəhəri, Binəqədi rayonu, Süleyman Sani Axundov küçəsi, ev 11/35, mənzil 57 olaraq göstərilir. Şirkətin qanuni təmsilçisi Zaur Niyaz oğlu Abıyevdir.
Açıq mənbələrdə şirkətin fəaliyyəti barədə ətraflı məlumat məhduddur. Zaur Abıyevin adı isə mediada “MTN işi” ilə bağlı yayılan məlumatlarda zərərçəkmiş şəxs qismində çəkilib.
Lerik Rayon İcra Hakimiyyətinin başçısı Əkbər Abbasovdur. O, 2022-ci ildən rayona rəhbərlik edir.
Seyid