"Səbail”dən ayrılan Mirabdulla Abbasov Qırğızstanın "Abdış-Ata” klubuna yollanıb. Büdcəsi heç üç milyon avroya çatmayan qırğız klubu öz çempionatında 5-ci pilləni 25 xalla tutur. Mirabdulla "Abdış-Ata”da oynayan yeganə futbolçumuz olmayacaq. Elitanı tərk edən "Səbail”in daha bir üzvü Qırğızstana yollanıb. Belə ki, İlkin Muradov da Mirabdulla ilə birlikdə "Abdış-Ata”nın uğurları üçün çalışacaq.
Xeyirli-uğurlu olsun! Əlimizdən bunu deməkdən başqa bir şey gəlmir. İllərdir iddia edirdilər ki, Azərbaycan çempionatında legioner limiti tətbiq olunan kimi yerli futbolçulara təlabat azalacaq, onlar da özlərinə xaricdə klub axtarmağa məcbur olacaqlar. Buyurun, proses başlayıb. Artıq iki futbolçumuz Qırğızstana yollanıblar. Bəli, məhz Qırğızstana. Oranın futbolunun həm klub, həm də milli səviyyəsində bizdən geridə olduğu heç kimə sirr deyil. Deməli, bizimkilər irəliyə yox, geriyə addım atıblar.
Mirabdullanın qışda "Səbail”ə keçməsi barədə də yazmışdım. Onu xüsusiylə izləməyimin, tez-tez barəsində yazmağımın heç bir səbəbi yoxdur. Məsələ ondadır ki, Mirabdulla Abbasov sıradan bir azərbaycanlı futbolçu obrazıdır. Fərqi yoxdur ki, həmin futbolçunun adı Mirabdulladır, yoxsa İlkin, yaxuda da Əli, Vəli... Bizim futbolçularımızın ümumiləşdirilmiş obrazı, futbol dili ilə desək, səviyyəsi belədir. Onlar Azərbaycanda özlərinə klub tapa bilməsələr, getdikləri yer Qırğızıstan klubları olacaq. Acı gerçəklik bundan ibarətdir. Heç Özbəkistanda, yaxud da Qazaxıstanda bizimkiləri yada salan olmayacaq. Çünki onlarda az-çox səviyyə yüksəkdir, belə yerdə azərbaycanlı futbolçulara ehtiyac duyulmur.
Təxmin etmək çətin deyil ki, getdikcə vəziyyət daha da pisləşəcək, bir müddət sonra azərbaycanlı futbolçular heç Qırğızıstanda da özlərinə yer tapmayacaqlar. Çünki legioner limitinin ləğv olunmasıyla bizim futbolçuların yeri bir qədər də daralacaq, Azərbaycanda heç bir klub yerli futbolçu yetişdirmək marağında olmayacaq. Gələcəyə yatırım edib, pul xərcləməkdənsə, 10-15 min verib aşağı səviyyəli legionerləri heyətlərinə dolduracaqlar. Neynəyirlər hansısa uşağın yetişməsini gözləsinlər? Heç kimə sirr deyil ki, Azərbaycan klubları bu günlə yaşayırlar. Elə ötən həftə "Qəbələ” Futbol Akademiyasının fəaliyyətinin məhdudlaşdırılması ilə bağlı yayılan məlumat da bunun nəticəsidir. "Qəbələ” rəhbərliyi görür ki, onlar akademiyaya pul xərcləyir, misal üçün, "Kəpəz” gedib xaricdən legioner gətirir və "qırmızı-qaralar” sonuncu pilləni tutub, aşağı liqaya düşürlər. Belədə uşaq futbolu da yaddan çıxır, əsas məqsəd Premyer Liqadakı yeri qorumaq olur.
Elə buna görə də deyirəm ki, zamanla vəziyyət daha da pisləşəcək. İndi üzdə olan 3-4 futbolçumuz var, yavaş-yavaş onlar da legioner axınında "boğulacaq”, it-bata düşəcəklər. Onların yerinə kim gələcək, hardan gələcək?! Bu suala cavab axtarmaq bizim futbolumuzun başbilənlərinin işidir. Milli komandanın başına portuqaliyalı Fernandu Santuşu gətirib, onlara milyonlarla avro ödəməklə deyil. Santuş milliyə çağırmağa futbolçu tapmayandan sonra, kim çıxıb oynayacaq?!
Azərbaycanlı futbolçulara heç ölkədə də təlabat olmadığından onlar Qırğızstana üz tutur. Qırğızıstanla qonşu olan Özbəkistan futbolunun yetirmələrinin sorağı isə İngiltərədən, İtaliyadan gəlir. Elə buna görə də Özbəkistan millisi dünya çempionatının final mərhələsinə vəsiqə qazanır. Odur ki, qəflət yuxusundan ayılmaq lazımdır, cənablar. Yoxsa siz yayın istisində istirahətinizi pozmaq fikrinə deyilsiniz?!
Amal Abuşov
Şərhlər