Xəbər lenti

Zakpanın şortikinin altındakı “dünya”
Səbuhi Həsənov
İdman 10:42 27.05.2023

Zakpanın şortikinin altındakı “dünya”

Azərbaycan Premyer Liqasının 35-ci turunda səfərdə "Turan Tovuz”un qonağı olan "Səbail”in futbolçusu Qoba Zakpa etdiyi bir hərəkətlə gündəmə gəldi. Qarşılaşmanın əsas vaxtına əlavə olunmuş son dəqiqələrdə rəqib qapısına yol tapmaqla bərabərliyi təmin edən Kot-d'İvuar əsilli portuqaliyalı hücumçu qol sevincini yaşayarkən əlini cinsiyyət orqanına apararaq tərbiyəsiz jest etdi.

Oyundan sonra həmin anların videogörüntüləri də yayıldı. Təbii ki, hamı ilk növbədə "Səbail” rəhbərliyinin Zakpa barədə ölçü götürəcəyini gözləyirdi. Hər halda tərbiyəsiz hərəkətlərə yol verən futbolçu haqda ilk növbədə oynadığı klub cəza və ya pul cəriməsi tədbirləri görür. Əlbəttə, bu addım klubun həm futbol ictimaiyyətinə, azarkeşlərinə, həm də digər futbolçulara dərsi, nümunəsi, həmçinin başqalarına hörməti kimi qiymətləndirilə bilərdi. Ancaq oyundan beş gün keçməsinə baxmayaraq, görünür, "Səbail” rəhbərliyi Zakpanı cəzalandırmaq niyyətində deyil. Hətta AFFA-nın İntizam Komitəsi də futbolçu haqda qərar çıxarıb. Komitənin son iclasında Zakpanın hərəkəti qeyri-etik olaraq qiymətləndirilib və futbolçu üç oyunluq cəzalandırılıb. Əlavə olaraq klub 1600 manat məbləğində cərimələnib. Bu da o anlama gəlir ki, hücumçu Birinci Diviziona düşməmək uğrunda mübarizə apardığı "Şamaxı” ilə mövsümün son turunda baş tutacaq görüşə kənardan baxacaq…

Futbolçu AFFA tərəfindən haqlı şəkildə cəzasını aldı, bu öz yerində. Mən isə bir nüansa toxunmaq istəyirəm. Görünən odur ki, tərbiyəsizlik edən hücumçu ilə bağlı ölçü götürməli olan "Səbail” rəhbərliyi belə addım atmaq niyyətində deyil.

Hə, bir dəqiqə… Ümid edirəm ki, digər klublarda olduğu kimi, Bakı təmsilçisinin də daxili intizam kodeksində belə hərəkətlərə yol verən futbolçulara qarşı hansısa tədbirlər nəzərdə tutulub. Tutulmayıbsa, özünü peşəkar adlandıran klub üçün ən böyük ayıbdır. Bunu klub rəsmilərinin, həmçinin ən çox məsuliyyət daşıyan şəxslərdən biri - baş məşqçi Şahin Diniyevin mətbuata açıqlamalarından hiss etmək mümkündür. Konkret bir söz demirlər, heç klubun rəsmi internet səhifələrində də futbolçunun cəzalandırılmasına dair məlumat yoxdur. Belə çıxır ki, "Səbail” tərbiyəsizliyə yol verən Zakpanı məsuliyyətdən azad edib. Bəlkə də deyiblər ki, "kef elə, Premyer Liqada qalsaq, hətta gələn dəfə, şortikinin altındakı "dünyanı” da çıxarıb izləyənlərə göstər, daha sonra sevin”. Yəni, öz dünyandı, nə istəyirsən, elə!

Neynəyəsən? Cəza yoxdursa, adamın ağlına başqa fikirlər gəlir də. Ümidvaram ki, rəhbərlik qısa zaman ərzində rəsmi şəkildə futbolçunu cəzalandırdığını elan edəcək.

Səbuhi Həsənov

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->