
19 yaşlı amerikalı Mayk Satterlinin hekayəsi yaradıcı ideyanın və sosial şəbəkədə uğurlu bir paylaşımın insanın həyatını necə dəyişə biləcəyinə əyani nümunədir. Nyu-York ştatının Klifton-Park şəhərindən olan gənc məktəbi bitirdikdən cəmi üç ay sonra bir gündə yüzlərlə sifariş alıb.
Qaynarinfo xəbər verir ki, gənc sahibkar 3D printerdə içki qutuları üçün sərt termostəkanlar – "kozi"lər hazırlayıb satdığı biznes qurub. 2025-ci ilin avqustunda Satterli təxminən 280 kvadratmetr sahəsi olan anbardakı 60 printerinin bütün sifarişləri yerinə yetirməsinin nə qədər vaxt aparacağını hesablayıb. Nəticə heyrətamiz olub – fasiləsiz iş rejimində təxminən altı həftə.
CNBC-nin yazdığına görə, qəfil yaranan tələbatın səbəbi Instagram-da cəmi bir paylaşım olub. Satterli şirkətinin yeni məhsulu "CruiseCup" haqqında sosial şəbəkədə məlumat paylaşıb.
Bu qeyri-adi tutucuya eyni anda 350 millilitrlik iki içki qutusu yerləşdirmək mümkündür. Üstəlik, qutuları analoqlardakı kimi yalnız bir dəlikdən deyil, həm yuxarıdan, həm də aşağıdan yerləşdirmək olar. "Taktiki doldurula bilən" adlandırılan bu məhsul viral olduqdan sonra gənc sahibkar daha çox printer almaq üçün kifayət qədər gəlir əldə edəcəyi günü gözləyib.

"CruiseCup" yalnız həmin ay ərzində təxminən 100 min dollar gəlir əldə edib. Bu, Satterlinin əvvəlki bizneslərindən bir ay ərzində qazandığı məbləğdən təxminən 60 faiz çox olub.
Bir çox "viral" biznesdən fərqli olaraq, "CruiseCup" həmin aydakı tempini qoruyub saxlaya bilib. CNBC Make It-in tanış olduğu sənədlərə əsasən, şirkət 2025-ci ildə öz saytı və TikTok Shop vasitəsilə təxminən 808 min dollar ümumi gəlir əldə edib. Amazon-dakı satışlardan əldə olunan gəlir isə bu məbləğə daxil deyil.
3D çap biznesinə başlamaq nisbətən asandır və onu saxlamaq baha deyil
2025-ci ilin oktyabrından 2026-cı ilin sentyabrına qədər 3D printerlərdə hazırlanaraq Shopify vasitəsilə satılan məhsulların sayı 112 faiz artıb. Bununla belə, az sayda təsisçi Satterli kimi gənc yaşını biznesi bu qədər sürətlə inkişaf etdirmək bacarığı ilə birləşdirə bilir.
"CruiseCup" gəlir gətirən şirkətdir, lakin Satterli qazancın yalnız bir hissəsini – ayda 500-1500 dolları özünə götürür. Onun sözlərinə görə, valideynləri ilə yaşadığı və kirayə haqqı ödəmədiyi üçün qalan vəsait adətən yeni 3D printerlərin alınmasına, sosial şəbəkələrdə reklama və ya yeni məhsulların hazırlanmasına yönəldilir.
Satterli şirkəti daha bir əməkdaşla birlikdə tam iş günü idarə edir. Onlar müxtəlif ölçü və materiallardan hazırlanan içki qutuları üçün termostəkanlar satırlar. Onun əvvəlki biznesləri arasında limonad satışı və hətta əl antiseptiki ilə qarğıdalı nişastasının qarışığından hazırlanan evdə istifadə olunan "qum qovucu"nun satışı da olub.

O, 3D printerdən istifadə etməyi hələ məktəbin birinci kursunda "istehsal üçün dizayn və çertyoj" dərsində öyrənib. 2022-ci ilin sentyabrında isə Milad bayramından, doğum günlərindən və əvvəlki işlərindən topladığı pulları xərcləyərək təxminən 500 dollara öz printerini alıb.
Satterli ilk 3D çap biznesinə 2023-cü ilin iyununda valideynlərinin zirzəmisində başlayıb. "Solefully" adlanan şirkət "Crocs" ayaqqabıları üçün dekorativ asqılar hazırlayıb.
Satterlinin hesablamalarına görə, bu biznes 2024-cü ildə təxminən 250 min dollar gəlir gətirib. Bu vəsait ona 2024-cü ilin noyabrında aylıq təxminən 3600 dollara həmin anbarı icarəyə götürməyə imkan verib. Hazırda artmaqda davam edən printer parkını da məhz burada saxlayır.
Məktəbi bitirməsinə bir neçə ay qalmış Satterli "Solefully"nin uğurunun kollecə getməkdən imtina edib biznesi tam ştatlı işə çevirməsi üçün kifayət qədər perspektivli olduğuna qərar verib.
O, yeni məhsullarla təcrübə aparmağa başlayıb və avtomobilin stəkanlıqları üçün universal adapterlərin sosial şəbəkələrdə daha çox maraq doğurduğunu və ayaqqabı asqıları ilə müqayisədə daha yüksək marja ilə satıldığını müəyyənləşdirib. Bu adapterlər "Starbucks" stəkanından tutmuş "Stanley" su butulkasına qədər müxtəlif içkiləri saxlaya bilirdi.
"CruiseCup" "Solefully"ni o qədər sürətlə geridə qoyub ki, Satterli 2025-ci ilin iyununda ilk biznesini bağlayıb.
İkiqat termostəkanları isə gənc sahibkar iki ay sonra hazırlayıb. O, Instagram-a baxarkən rəqiblərin məhsullarını görüb və ikinci içkiyə çatmaq üçün hər iki qutunu çıxarmaq lazım gəldiyini müşahidə edib. Sənədlərə əsasən, onun "CruiseCup" dizaynları ilə bağlı iki patenti var və hazırda həmin patentlərə baxılır.

Onun bəzi sinif yoldaşları hazırda kollecdə ikinci kursda oxuyurlar. Satterli isə "CruiseCup" biznesinə tam şəkildə fokuslandığını deyir. Hazırda onun Nyu-York ştatında plastik məhsullar istehsal edən 160 printeri var.
Paslanmayan poladdan hazırlanan modelləri isə internet vasitəsilə tapdığı Çin istehsalçısından sifariş edir. O, biznesini inkişaf etdirməyi, ipəkqrafiyaya alternativ olaraq UV çapını əlavə etməyi və içki qablarının çeşidini genişləndirməyi planlaşdırır. Həmçinin daha böyük marketinq komandası quraraq "CruiseCup" məhsullarını pərakəndə mağazaların rəflərinə çıxarmağa çalışmaq istəyir.
"İ hər səhər yuxudan oyananda işə getmək üçün səbirsizlənirəm. Mən bunu heç iş kimi qəbul etmirəm. Etdiyim işi xoşlayıram, müxtəlif şeylər yaratmağı sevirəm. Buna görə də bu, heç iş kimi görünmür. Bu, sadəcə əyləncəlidir", – Satterli deyib.
Aydın

