
Canavarlar meşə yanğınlarından qaçmaq əvəzinə, bu hadisələrin yaratdığı fürsətlərdən ov zamanı yararlana bilərlər. Alimlər hesab edirlər ki, yırtıcılar yanğın zamanı qaçmağa çalışan heyvanları ələ keçirmək üçün alovun yaxınlığında qalmağı seçirlər.
Qaynarinfo xəbər verir ki, bu barədə “BBC Wildlife Magazine” nəşri elmi araşdırmaya istinadən məlumat yayıb.
Araşdırma Britaniya Kolumbiyasının şimal-şərqində aparılıb. “SwampDonkey Solutions” ekoloji konsaltinq şirkətinin alimləri canavarların meşə yanğınlarının yaxınlığına fəal şəkildə yönəldiyini müşahidə ediblər. Tədqiqatçılar ehtimal edirlər ki, bu davranış yanğınların canavarların ovladığı sığın, maral və qunduz kimi heyvanların hərəkətinə təsir göstərməsi ilə bağlıdır.
Şirkətin təsisçisi, tətbiqi ekolog Cessi Tiqnerin sözlərinə görə, canavarlar ya alovun kənarlarında gizlənərək qaçan heyvanları tutmağa çalışır, ya da yanğından sonra ərazinin yanmamış hissələrinə qayıdaraq ovlarını izləyirlər.
Alimlər qeyd ediblər ki, canavarlar yanğınlardan uzaqlaşmaq əvəzinə, bəzən riskləri və mümkün faydaları müqayisə edərək alovun yaxınlığında qalmağı seçirlər. Müşahidələr zamanı onların, xüsusilə uzun müddət davam edən yanğınların ətrafında məskunlaşdıqları qeydə alınıb.
Bununla belə, tədqiqatçılar bu davranışın canavarların ov uğuruna, ov heyvanlarının hərəkətlərinə və yırtıcıların özlərinin sağ qalmasına necə təsir etdiyini müəyyənləşdirmək üçün əlavə araşdırmalara ehtiyac olduğunu bildirirlər. Hazırkı tədqiqat zamanı yanğın nəticəsində canavarların öldüyü heç bir hal qeydə alınmayıb.
Qeyd edək ki, əvvəlki araşdırmalarda canavarların meşələrdə yabanı qaragilənin yayılmasına da kömək edə biləcəyi müəyyənləşdirilib. Belə ki, onların həzm sistemindən keçən toxumların cücərmə göstəricisi daha yüksək olub. Təcrübədə bu toxumların 96 faizi cücərdiyi halda, giləmeyvələrdən birbaşa götürülən toxumlarda göstərici 69 faiz təşkil edib.
Aydın