Xəbər lenti

2026-cı ildə kino turizminin ən populyar istiqamətləri açıqlandı
Sənət 22:06 01.07.2026

2026-cı ildə kino turizminin ən populyar istiqamətləri açıqlandı

Məşhur film və serialların çəkildiyi məkanlara səyahət etmək son illərdə dünyada sürətlə yayılan turizm istiqamətlərindən birinə çevrilib. 

Qaynarinfo xəbər verir ki, "Euronews"un məlumatına görə, "set-cetting" adlandırılan bu tendensiya bir çox şəhəri turistlərin əsas maraq mərkəzinə çevirir.

Nəşr qeyd edir ki, "Taxt-tac oyunları" serialından sonra Xorvatiyanın Dubrovnik şəhəri, Koreya dramlarından sonra isə İsveçrənin İzeltvald kəndi turist axınının əhəmiyyətli dərəcədə artdığı məkanlara çevrilib.

Yeni populyar istiqamətləri müəyyən etmək məqsədilə "Holafly" şirkətinin analitikləri "Screen Tourism Forecast Index 2026" adlı reytinq hazırlayıblar. Reytinq dörd əsas meyar – ekran əsərlərinin populyarlığı, çəkiliş məkanlarının tanınmışlığı, turizm tələbatı və infrastrukturun hazırlıq səviyyəsi əsasında tərtib edilib.

Reytinqdə ilk yeri Cənubi Koreya tutub. Analitiklərin fikrincə, ölkə artıq kino turizmini milli iqtisadiyyatın mühüm hissəsinə çevirib.

Mütəxəssislər hesab edirlər ki, "Hamımız öldük" ("All of Us Are Dead") serialının ikinci mövsümünün yayımlanması Seula marağı daha da artıracaq. Yeni mövsümdə hadisələr təkcə məktəbdə deyil, həm də paytaxtın müxtəlif şəhər məkanlarında və universitet kampuslarında cərəyan edəcək ki, bu da turistlərin marşrutlarını genişləndirə bilər.

Analitiklər bildirirlər ki, Koreya seriallarının striminq platformalarında yüksək reytinq qazandığı ölkələrdən Cənubi Koreyaya gələn turistlərin sayı orta hesabla 100 faizdən çox artır.

İspaniya reytinqdə ikinci yerdə qərarlaşıb. Buna səbəb "Əjdaha evi" ("House of the Dragon") serialının üçüncü mövsümünün yayımlanması göstərilir. Ölkə daha əvvəl də "Taxt-tac oyunları"nın çəkiliş məkanları sayəsində böyük turist axını yaşamışdı. Məsələn, Osuna şəhərində çəkilişlərdən sonra turistlərin sayı 70 faiz artmış, San-Xuan-de-Qasteluqatçe isə hər il yüz minlərlə ziyarətçi qəbul etməyə başlamışdı.

Analitiklər bu dəfə əsas artımın Kaseres və Orense kimi kiçik tarixi şəhərlərdə müşahidə olunacağını proqnozlaşdırırlar.

İlk beşlikdə yer alan Yunanıstanda isə Kristofer Nolanın "Odisseya" ("The Odyssey") filminin nümayişindən sonra turist marağının yüksələcəyi gözlənilir. Qədim yunan mifologiyası ilə bağlı tarixi məkanlar ölkəni uzun müddətdir kino turizminin əsas istiqamətlərindən biri kimi saxlayır.

2026-cı il üçün ən perspektivli kino turizmi istiqamətləri bunlardır:

* Cənubi Koreya — "Hamımız öldük" (2-ci mövsüm);
* İspaniya — "Əjdaha evi" (3-cü mövsüm);
* İrlandiya — "Wednesday" (2-ci mövsüm);
* Tailand — "Yura dövrü: Dirçəliş" ("Jurassic World: Rebirth");
* Yunanıstan — "Odisseya";
* Siciliya (İtaliya) — "Odisseya";
* Şotlandiya (Qlazqo) — "Hörümçək adam: Tamamilə yeni gün" ("Spider-Man: Brand New Day");
* Cənubi Afrika Respublikası — "Mission: Impossible – The Final Reckoning";
* İordaniya — "Dune: Prophecy" (2-ci mövsüm);
* Çexiya — "Blade Runner 2099".

Aydın
--> -->