Xəbər lenti

ABŞ-da nəhəng litium ehtiyatları aşkarlandı: Ölkənin tələbatını əsrlərlə ödəyə bilər
Dünya 15:30 25.07.2026

ABŞ-da nəhəng litium ehtiyatları aşkarlandı: Ölkənin tələbatını əsrlərlə ödəyə bilər

ABŞ-da böyük litium ehtiyatları aşkar edilib. Mütəxəssislərin hesablamalarına görə, bu ehtiyatlar ölkənin litium tələbatını yüz illərlə ödəyə bilər.

Qaynarinfo xəbər verir ki, "BBC Science Focus” nəşrinin məlumatına görə, litium bu gün ən vacib minerallardan biri hesab olunur. O, bir çox akkumulyator batareyalarının əsas komponentidir və texnologiya şirkətlərinin bu mineralın hasilatı uğrunda rəqabət aparmasına səbəb olub.

Hazırda ABŞ ehtiyac duyduğu litiumun yarıdan çoxunu idxal edir. Lakin ABŞ Geoloji Xidmətinin (USGS) açıqladığı yeni məlumatlara əsasən, bu vəziyyət yaxın gələcəkdə dəyişə bilər.

USGS-də çalışan geoloqlar ölkənin şərqində yerləşən Appalaç dağlarında təxminən 2,3 milyon metrik ton kəşf edilməmiş və iqtisadi baxımdan əlverişli litium oksidi ehtiyatının olduğunu müəyyən ediblər. Bu miqdar ötən ilin idxal səviyyəsi nəzərə alınarsa, ABŞ-ın 328 illik litium idxalını əvəz edə bilər.

Məlumata görə, bu ehtiyatların təxminən 1,43 milyon metrik tonu Cənubi Appalaçlarda, əsasən Karolina ştatlarında yerləşir. Daha 900 min metrik ton isə Şimali Appalaçlarda, əsasən Men və Nyu-Hempşir ştatlarında cəmlənib.

Hazırda ABŞ-də yalnız bir litium istehsalçısı fəaliyyət göstərir — Nevada ştatında yerləşən kommersiya mədəni. Ötən il ölkədə istifadə olunan litiumun yarıdan çoxu idxal hesabına təmin edilib.

Bundan əlavə, ABŞ Geoloji Xidməti litiumu 2025-ci il üçün "Kritik əhəmiyyətli minerallar siyahısı”na daxil edib.

"Natural Resources Research” jurnalında dərc olunan araşdırmanın nəticələrinə görə, Appalaçlarda aşkar edilən litium oksidi böyük həcmdə texnoloji məhsulların istehsalı üçün kifayət edə bilər.

Bu ehtiyatlar:

* 1,6 milyon şəbəkə miqyaslı akkumulyator batareyası;
* 130 milyon elektrik avtomobili;
* 180 milyard noutbuk;
* 500 milyard mobil telefon istehsalına yetərlidir.

Tədqiqatçılar bildirirlər ki, hazırkı istehlak səviyyəsi ilə bu ehtiyatlar təxminən 1000 il noutbuk istifadəsinə və ya Yer kürəsinin hər sakini üçün 60 mobil telefona bərabərdir.

Aydın

Sorğu

Azərbaycanda 16 yaşa qədər uşaqların sosial şəbəkələrdən qorunması təklifinə münasibətiniz necədir?
--> -->