Dünya 09:36 15.06.2022

ABŞ taxıl böhranını həll etmək üçün yol tapdı - Bayden açıqladı

Prezident Co Bayden bildirib ki, ABŞ taxıl ixracını asanlaşdırmaq və ərzaq qiymətlərinin artmasının qarşısını almaq üçün Polşanın Ukrayna ilə sərhədində müvəqqəti taxıl anbarları tikəcək. 

Qaynarinfo xəbər verir ki, Bayden bu barədə Amerika Əmək Federasiyası və Sənaye Təşkilatları Konqresində çıxışı zamanı bildirib. 

"Biz Ukrayna sərhədlərində, o cümlədən Polşada müvəqqəti anbarlar tikəcəyik ki, məhsulu vaqonlarından bu anbarlara, sonra isə onu okeana daşımaq və bütün dünyaya çatdırmaq üçün Avropa vaqonlarına yükləyə bilək”, deyə Bayden bildirib.
 
ABŞ prezidenti vurğulayıb ki, Rusiyanın təcavüzü səbəbindən Ukraynadan ərzaq ixracı üçün ənənəvi dəniz yolu bağlanıb, ona görə də başqa yollar axtarılmalıdır: "Biz onu (taxıl-red.) dəmir yolu ilə başqa ölkələrə çatdırmaq planı üzərində işləyirik".

Qeyd edək ki, Rusiya hərbçiləri Ukrayna limanlarını blokadaya alıblar. BMT Rusiyanın başlatdığı genişmiqyaslı müharibə səbəbindən Ukraynada 25 milyon ton taxılın ilişib qaldığını bildirib.

Mayın sonunda prezident Vladimir Zelenski işğalçıların Ukraynada ən azı yarım milyon ton taxıl oğurladığını və onu satmağın yollarını axtardıqlarını vurğulayıb.
 
Rusiyanın hərəkətləri Afrika, Asiya və bəzi Avropa ölkələrində aclıq təhlükəsi yaradır.
 
Nizami Bağırov