Ətirçilik üzrə ekspert və lüks ətir və qulluq məhsulları brendinin təsisçisi Oktaviya Morqan xüsusi diqqətə layiq ən yaxşı qadın ətirlərini seçib. Mütəxəssis ən uğurlu hesab edilən kompozisiyalar barədə danışıb, həmçinin məhz dəridə ideal açılacaq ətiri necə seçmək barədə məsləhətlər verib.
Qaynarinfo xəbər verir ki, bu barədə "Parade” jurnalı yazır.
Ekspertin sözlərinə görə, ətir insan şəxsiyyətinin davamıdır, buna görə seçim zamanı yalnız ətirin populyarlığını deyil, şəxsi hissləri də nəzərə almaq vacibdir. Bəzi insanlara təravətli və yüngül kompozisiyalar, digərlərinə isə isti, ehtiraslı və ya daha zəngin qoxular uyğun gəlir.
Mütəxəssis çiçəkli, ağac notlu, qurmə (şirin-qida notlu), təravətli və ambra ailəsinə aid ətirlərə diqqət yetirməyi, həmçinin ətiri hər zaman dəridə sınaqdan keçirməyi tövsiyə edir. Çünki eyni ətir fərqli insanlarda fərqli şəkildə açılır.
Bunun səbəbi dərinin unikal kimyasıdır. Ətrin səslənməsinə dərinin pH səviyyəsi, nəmlik dərəcəsi, bədən temperaturu, hormonal vəziyyət və hətta qidalanma təsir edir. Buna görə eyni kompozisiya müxtəlif insanlarda tamamilə fərqli çalarlar verə bilər.
Morqanın sözlərinə görə, keyfiyyətli ətirlər adətən konsentrasiyadan və tərkibdən asılı olaraq 6-12 saat qalıcı olur. Ən davamlı kompozisiyalar arasında çox vaxt ağac notları, ambra, müşk, vanil və qatran tərkibli ətirlər yer alır.
Ekspert həmçinin xatırladıb ki, "eau de parfum” (ətirli su) daha çox aromatik yağ ehtiva edir və daha zəngin səslənir, "eau de toilette” (tualet suyu) isə daha yüngül və təravətli olur.
Ətrin qalıcı olmasını artırmaq üçün mütəxəssis onu nəmləndirilmiş dəriyə çəkməyi, neytral losyon və ya bədən yağı ilə birlikdə istifadə etməyi, nəbz nöqtələrinə vurmağı və çəkildikdən sonra ovmamağı məsləhət görür.
Ən yaxşı qadın ətirləri: dəbdəbəli 9 seçim
Ekspert səslənməsi, qalıcı olması və universallığı ilə seçilən ətirlərdən ibarət siyahı hazırlayıb. Siyahıya həm zərif çiçəkli kompozisiyalar, həm də müxtəlif hallar və əhval-ruhiyyələr üçün nəzərdə tutulan zəngin ağac notlu, ədviyyəli və təravətli ətirlər daxil edilib.
"Parfums de Marly Delina Eau de Parfum”
Morqanın fikrincə, bu ətir müasir çiçəkli parfümeriyanın ikonalarından biridir. Kompozisiyada türk qızılgülü, pion, liçi və yumşaq ağac notları birləşir. Nəticədə romantik, qadınsayağı və zərif, lakin köhnə dəbdə görünməyən bir qoxu yaranır.
"Henry Rose Windows Down Eau de Parfum”
Yüngül və təmiz qoxuları sevənlər üçün ekspert bu variantı tövsiyə edir. Burada təravətli sitrus notları, zərif çiçək çalarları və yüngül çay akkordu birləşərək təravət, rahatlıq və təbiilik hissi yaradır.
"Frédéric Malle Portrait of a Lady Perfume”
Bu ətir müasir dövrün ən məşhur kompozisiyalarından biri hesab olunur. Tərkibində qızılgül, paçuli, ladan və ədviyyəli notlar birləşərək zəngin, dərin və zamansız səslənmə yaradır.
"Santa Maria Novella Rosa Novella Eau de Cologne”
Ekspertin fikrincə, əsl imza qoxusu tanınan və yadda qalan olmalıdır. Bu ətir qızılgülün zərif, klassik və qadınsayağı interpretasiyasıdır.
"Tom Ford Oud Wood Eau de Parfum”
Zəngin kompozisiyaları sevənlər üçün bu ətir uyğun seçimdir. Ud ağacı, ədviyyatlar və ağac akkordları ilə zəngin olan kompozisiya dəbdəbəli, eleqant səslənir və müxtəlif hallar üçün kifayət qədər universaldır.
"Heretic Parfum Voodoo Lily Eau de Parfum”
Bu ətir dəridə uzun müddət qalması ilə yüksək qiymətləndirilib. Onun qeyri-adi çiçəkli kompozisiyası gün ərzində tədricən açılır, səslənməsini dəyişir və zənginliyini qoruyur.
"Diptyque Orphéon Eau de Parfum”
İsti ağac notları, tonka paxlası və yumşaq çiçək çalarlarının birləşməsi həssas və romantik atmosfer yaradır. Bununla belə, ətir eleqant qalır və həddindən artıq ağır təsir bağışlamır.
"Future Society Floating Forest Eau de Parfum”
Bu ətirdə berqamot, qara istiot, freziya, su zanbağı, sidr və duzlu müşk notları birləşir. Ekspert qeyd edir ki, kompozisiya müasir, yüngül səslənir və təbiətin təravətini xatırladır.
"Harlem Perfume Co. Golden Muse Eau de Parfum”
Morqan bu ətri parlaq, işıqlı və ilhamverici kimi təsvir edir. Kompozisiya yay istiliyi və enerji hissini ötürür, eyni zamanda zərifliyini və incəliyini qoruyur.
Aydın
Şərhlər