Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Olcas Bektenovu ölkənin yeni baş naziri təyin edib.
Qaynarinfo xəbər verir ki, bu barədə Qazaxıstan prezidentinin mətbuat xidməti məlumat yayıb.
"Olcas Abayeviç Bektenov Qazaxıstan Respublikasının baş naziri təyin edilsin", deyə sərəncamda bildirilib.
Bektenov 2024-cü il fevralın 6-dan Qazaxıstanın baş naziri vəzifəsini tuturdu. Həmçinin avqustun 31-də Tokayev daha əvvəl prezident administrasiyası rəhbərinin birinci müavini vəzifəsində çalışan Erlan Karinı ölkənin vitse-prezidenti təyin edən fərman imzalayıb.
Avqustun 28-də Tokayev respublika hökumətinin istefası barədə fərman imzalamışdı. Qazaxıstanın yeni konstitusiyasına uyğun olaraq hökumət yenidən seçilmiş parlament qarşısında səlahiyyətlərini təhvil verib.
Bildirilib ki, hökumətin yeni tərkibi təsdiqlənənədək kabinet üzvləri öz vəzifələrini icra etməyə davam edəcəklər.
Tokayevin digər sərəncamı ilə Erlan Karin Qazaxıstanın vitse-prezidenti təyin edilib. Onun namizədliyini prezident Kasım-Jomart Tokayev parlamentə təqdim edib. Vitse-prezident vəzifəsi ölkədə yeni Konstitusiyanın qəbulundan sonra təsis edilib.
Karinə deputatların böyük əksəriyyəti – 145 deputatdan 141-i səs verib. Deputatlar həmçinin Oljas Bektenovun respublikanın baş naziri vəzifəsinə yenidən təyin edilməsini təsdiqləyiblər. Vəzifələrə təyinatla bağlı fərmanlar Qazaxıstan prezidentinin rəsmi saytında dərc olunub.
Erlan Karin müxtəlif illərdə Qazaxıstanın dövlət müşaviri, dövlət katibi və prezidentin köməkçisi vəzifələrində çalışıb. 2026-cı ilin yayında prezident administrasiyası rəhbərinin birinci müavini təyin edilib.
Qazaxıstanda yeni Konstitusiya martın 15-də qəbul edilib. Sənədə əsasən, iki palatalı parlamentdən birpalatalı parlament sisteminə keçid nəzərdə tutulur. Senat və Məclisin əvəzinə ölkədə yeni ali nümayəndəli orqan – Qurultay fəaliyyətə başlayıb. Bundan əlavə, ölkədə yeni ali məşvərətçi orqan – Xalq Şurası yaradılır.

Aydın
Şərhlər