Texnologiya 23:17 05.04.2022

Almaniyada qanunsuz şəbəkə bazarı - “Hydra”nın serverləri müsadirə edilib.

Almaniyada hüquq-mühafizə orqanlarının əməkdaşları darknetdə (internetin gizli, qapalı və qanunsuz sahəsi – red.) fəaliyyət göstərən ən məşhur marketlərdən biri olan "Hydra”nın server infrastrukturunu müsadirə ediblər.
 
Qaynarinfo xənər verir ki, bu barədə Almaniya Federal Kriminal Polisi məlumat yayıb.
 
Xüsusi əməliyyat zamanı ümumi dəyəri təxminən 23 milyon avro olan 543 bitkoin ələ keçirilib.

Ən azı 2015-ci ildən fəaliyyət göstərən rusdilli "Hydra” bazarının təxminən 17 milyon istifadəçisi və 19 mindən çox satıcısı var. Portal, ilk olaraq narkotik ticarətindən başlayıb, daha sonra saxta pul və sənədlərlə əməliyyatlar üzrə ixtisaslaşıb. Alman polisi "Hydra”nın 2020-ci il üçün dövriyyəsini 1,23 milyard avro olaraq qiymətləndirib. Bu göstəriciyə görə, "Hydra” dünyanın ən böyük qanunsuz bazarlarından biri hesab edilə bilər.

"Hydra” ilə bağlı araşdırma 2021-ci ilin avqustundan ABŞ səlahiyyətlilərinin iştirakı ilə davam edir.
 
Nizami Bağırov