Amazonda yaşayan Amondava xalqı ənənəvi təqvimdən istifadə etmir və ümumiyyətlə vaxtı həftə, ay və il kimi vahidlərlə düşünmür.
Qaynarinfo xəbər verir ki, bu barədə Portsmut Universitetinin araşdırmasında deyilir.
Alimlər müəyyən ediblər ki, bu xalqın nümayəndələri zamanı dünyanın əksər insanlarından tamamilə fərqli şəkildə təsvir edirlər. Onlar rəqəmlər və tarixlər əvəzinə hadisələrə, təbiətdə baş verən dəyişikliklərə və insan həyatının müxtəlif mərhələlərinə əsaslanırlar.
Bununla belə, Amondava xalqı gecə ilə gündüzü, həmçinin yağışlı və quraq mövsümləri aydın şəkildə fərqləndirir. Bu təbii dəyişikliklər onlar üçün əsas zaman göstəriciləridir. Lakin onların dilində “həftə” və ya “il” kimi mücərrəd zaman vahidləri yoxdur.
“Australian Geographic”in məlumatına görə, Amondava dilində bir çox xalqlarda rast gəlinən məkan anlayışlarının zamana köçürülməsi də müşahidə olunmur. Başqa sözlə, onlar keçmişi “arxada”, gələcəyi isə “qarşıda” kimi təsvir etmirlər.
Yaş anlayışı da fərqlidir
Qeyri-adi xüsusiyyətlərdən biri də yaşın müəyyənləşdirilməsi ilə bağlıdır. Bu xalqda insanın özünü neçə il yaşadığı ilə təqdim etməsi ənənəvi deyil.
Bunun əvəzinə insan müxtəlif həyat mərhələlərindən keçir və bu mərhələlərlə birlikdə onun adı belə dəyişə bilər. Məsələn, ailədə daha kiçik uşaq dünyaya gəldikdə böyük övlad əvvəlki adından imtina edərək yeni ad ala bilər.
Bu, Amondava xalqının zamanın axışını hiss etmədiyi və ya hadisələrin ardıcıllığını anlamadığı anlamına gəlmir. Onlar hadisələrin hansı ardıcıllıqla baş verdiyini yaxşı dərk edirlər.
Sadəcə, zamanı rəqəmlərlə ölçmək və onu konkret hissələrə bölmək ideyası onların mədəniyyətində formalaşmayıb. Tədqiqatçılar bildirirlər ki, bu, gündəlik həyatda təqvim və saatlardan istifadə edən cəmiyyətlərdən fərqli yanaşmadır.
Araşdırmanın nəticələri bütün insanların zamanı eyni şəkildə qavradığı barədə geniş yayılmış təsəvvürü şübhə altına alır. Alimlərin fikrincə, illəri və ayları hesablamaq universal insan xüsusiyyəti olmaya, təqvimlər və say sistemləri kimi mədəni və texniki nailiyyətlərin nəticəsi ola bilər.
Aydın
Şərhlər