Azərbaycan Mərkəzi Bankının (AMB) 2025-ci il üzrə maliyyə hesabatında faiz gəlirlərinin əvvəlki illə müqayisədə 190 milyon manat və ya 34,8% azalaraq 356 milyon manata düşdüyü qeyd olunub. Hesabata görə, azalmanın əsas səbəbi qiymətli kağızlardan əldə olunan gəlirlərin aşağı düşməsi ilə bağlıdır.
Bəs faiz gəlirlərindəki bu azalma AMB-nin maliyyə dayanıqlılığı üçün risk yaradırmı və pul-kredit siyasətinə təsir göstərə bilərmi?
UNEC Biznes Məktəbinin müəllimi, "Crypto Consulting" MMC-nin direktoru Elnur Quliyev Qaynarinfo-nun suallarını cavablandıraraq bildirib ki, Azərbaycan Mərkəzi Bankının 2025-ci il üzrə maliyyə hesabatında faiz gəlirlərinin 34,8% azalaraq 356 milyon manata enməsi ilk baxışdan diqqətçəkən göstəricidir. Lakin bu rəqəmi qiymətləndirərkən onun strukturuna və səbəblərinə baxmaq vacibdir:
"Əvvəla, hesabatda da qeyd olunduğu kimi, azalmanın əsas səbəbi qiymətli kağızlardan əldə olunan gəlirlərin aşağı düşməsidir. Mərkəzi bankların gəlirləri kommersiya banklarından fərqli olaraq bazar faizlərinin dinamikasından, beynəlxalq maliyyə bazarlarındakı vəziyyətdən və ehtiyat aktivlərinin idarə edilməsindən əhəmiyyətli dərəcədə asılı olur. Buna görə də bir il ərzində faiz gəlirlərində baş verən azalma avtomatik olaraq maliyyə problemlərinin göstəricisi kimi qəbul edilməməlidir. 34,8 faizlik azalma kifayət qədər böyük rəqəmdir və təhlil tələb edir, lakin hazırkı məlumatlar əsasında bunu narahatlıq doğuran və ya sistemli risk yaradan hal kimi qiymətləndirmək düzgün olmazdı. Əgər azalma daha çox qlobal faiz dərəcələrinin dəyişməsi, investisiya portfelinin yenidən qurulması və ya qiymətli kağızlar üzrə gəlirliliyin azalması ilə bağlıdırsa, bu, dövri xarakter daşıyan proses hesab oluna bilər".
Faiz gəlirlərinin azalmasının Mərkəzi Bankın maliyyə dayanıqlılığı üçün yarada biləcəyi risklər haqqında da danışan Elnur Quliyev bildirib ki, burada əsas göstərici təkcə faiz gəlirləri deyil. Mərkəzi Bankın valyuta ehtiyatlarının həcmi, kapital mövqeyi, aktivlərinin keyfiyyəti və balansının ümumi strukturu daha mühüm amillərdir:
"Buna görə də yalnız faiz gəlirlərinin azalmasına əsaslanaraq maliyyə dayanıqlılığı ilə bağlı ciddi risklərdən danışmaq üçün kifayət qədər əsas yoxdur".
Bu azalmanın pul-kredit siyasətinə təsirləri haqqında da danışan həmsöhbətimiz qeyd edib ki, Mərkəzi Bankın əsas funksiyası mənfəət əldə etmək deyil, qiymət sabitliyini və maliyyə sabitliyini təmin etməkdir:
"Faiz gəlirlərindəki azalma bir qayda olaraq uçot dərəcəsi, inflyasiya hədəfləri və ya pul siyasəti qərarlarına birbaşa təsir göstərmir. Pul-kredit siyasəti daha çox inflyasiya dinamikası, iqtisadi artım, kredit bazarındakı vəziyyət və xarici iqtisadi risklər əsasında formalaşdırılır. Ümumilikdə, faiz gəlirlərində 34,8%-lik azalma diqqətlə izlənilməli göstərici olsa da, mövcud məlumatlar əsasında bunu Mərkəzi Bank üçün ciddi maliyyə riskinin və ya pul-kredit siyasətinə birbaşa təsir göstərəcək amilin göstəricisi kimi qiymətləndirmək doğru olmaz. Daha dəqiq nəticə üçün Mərkəzi Bankın ümumi maliyyə nəticələrinin və balans göstəricilərinin kompleks şəkildə təhlili vacibdir".
Günay İlqarqızı
Şərhlər