Xəbər lenti

Milyon illər boyunca nə bir silah, nə də bir müharibə gördülər
Dünya 11:17 17.06.2026

Milyon illər boyunca nə bir silah, nə də bir müharibə gördülər

Amerika qitəsinin sivilizasiya tarixini minilliklər geriyə aparan qədim Caral şəhəri bütün məlum təsəvvürləri dəyişdirir. İnka və Mayalardan xeyli əvvəl yaşamış bu toplumun min ildən çox müddət ərzində silahdan istifadə etmədən və müharibə aparmadan necə nəhəng şəhər-dövlət qura bildiyi müəyyən edilib.

Qaynarinfo xəbər verir ki, İnka, Aztek və Maya kimi döyüşkən imperiyalardan minlərlə il əvvəl Amerika sivilizasiyasının ilk izləri Peru sahillərində formalaşıb. Supe vadisində yerləşən 5 min illik Caral yaşayış məntəqəsi qitənin ilk mürəkkəb şəhər-dövləti hesab olunur.

Araşdırmalara görə, bu qədim toplum min ildən çox müddət ərzində zorakılıq və müharibə olmadan mövcudluğunu davam etdirib. İlk dəfə 1905-ci ildə aşkar edilən ərazidə 18 metr hündürlüyündə "Pirámide Mayor” daxil olmaqla 32 monumental tikili mövcuddur. Karbon analizləri şəhərin eramızdan əvvəl 3000-ci illərdə inşa edildiyini göstərib. Bu isə Caralın çiçəklənmə dövrünün Qədim Misirlə eyni dövrə düşdüyünü və Amerika qitəsində sivilizasiya tarixini min ildən çox əvvələ apardığını təsdiqləyir.

Təxminən 3000 nəfərin yaşadığı güman edilən şəhərdə aparılan qazıntılar zamanı təsirli mərasim meydanları və yaşayış zonaları üzə çıxarılıb. Ən diqqətçəkən məqam isə burada heç bir silah və ya müdafiə istehkam izinə rast gəlinməməsidir. Gücə əsaslanan idarəetmə əvəzinə Sakit Okean sahilləri, And dağları və Amazon meşələri arasında güclü ticarət şəbəkəsinin qurulduğu müəyyən edilib. Cəmiyyət öz təhlükəsizliyini məhz bu iqtisadi əlaqələr vasitəsilə təmin edib.

Müharibəyə vaxt sərf etməyən Caral sakinləri enerjilərini incəsənət və yaradıcılığa yönəldiblər. Böyük amfiteatrın tapılması musiqinin bu mədəniyyətdə mühüm yer tutduğunu göstərir. Qazıntılarda pelikan və kondor sümüklərindən hazırlanmış fleytalar, həmçinin maral və lama sümüklərindən düzəldilmiş nəfəsli alətlər aşkarlanıb. Bu tapıntılar həm musiqinin inkişafını, həm də uzaq regionlarla ticarət əlaqələrini əks etdirir.

Lakin təxminən 4200 il əvvəl baş vermiş güclü quraqlıq Caral sivilizasiyasının sonunu gətirib. Tədqiqatçılar bunun qlobal miqyaslı "mega quraqlıq” hadisəsinin bir hissəsi ola biləcəyini düşünürlər. Əhali su axtarışı ilə dağlıq ərazilərə köç etməyə məcbur qalıb.

Caralın 16 kilometr şərqində yerləşən Penico şəhərinin də bu köç nəticəsində, təxminən e.ə. 1800-cü illərdə salındığı ehtimal edilir. Buradakı tikililər Caral ilə oxşarlıq göstərir və divar rəsmləri həmin dövrün quraqlıq və aclıq şəraitini əks etdirir. E.ə. 1500-cü illərdə Peniconun da tərk edilməsi ilə bu barışçıl mədəniyyət tamamilə tarix səhnəsindən silinib. Sonrakı dövrlərdə Amerika qitəsində yaranan sivilizasiyalar isə artıq daha çox müharibəçi dövlətlər kimi formalaşıb.

Aydın
--> -->