1518-ci ilin isti iyul səhərində Strasburq küçələri tarixdə nadir rast gəlinən və izahı çətin hadisələrdən birinə səhnə olub. Hər şey Frau Troffea adlı qadının evindən çıxaraq heç bir musiqi olmadan rəqs etməyə başlaması ilə başlayıb.
Qaynarinfo xəbər verir ki, ortada nə melodiya, nə də bayram ab-havası olub; sadəcə qadının dayanmaq bilməyən hərəkətləri var idi. Lakin qısa müddətdə bu fərdi davranış bütün şəhərə yayılan kütləvi bir fenomenə çevrilib.
Troffeanın günlərlə davam edən hərəkətlərinə bir həftə ərzində onlarla insan da qoşulub. Avqust ayına qədər küçələrdə özündən gedən halda rəqs edənlərin sayı 400-ə çatıb. Şəhər rəhbərləri və dövrün həkimləri isə bu vəziyyəti dayandırmaq əvəzinə, insanların "isti qanını boşaltmaq” üçün daha çox rəqs etməsinin faydalı olacağını iddia ediblər.
Bu yanlış yanaşma nəticəsində şəhər meydanlarına səhnələr qurulub, musiqiçilər gətirilib. Lakin "müalicə” məqsədi daşıyan bu addımlar vəziyyəti daha da ağırlaşdırıb; insanlar həddindən artıq yorğunluq və ürək tutmaları səbəbilə həyatını itirməyə başlayıb.
Elmin izah edə bilmədiyi sirr
Bəs yüzlərlə insanı ölümünə qədər rəqs etməyə vadar edən nə idi? Bu sualın dəqiq cavabı bu gün də yoxdur. Ən güclü nəzəriyyələrdən biri kütləvi psixoloji stress nəticəsində yaranan "kütləvi isteriya”dır. Kütlə üzərindəki təzyiq bir insandan digərinə sürətlə yayılmış ola bilər.
Digər ehtimal isə bioloji zəhərlənmədir. Çovdar çörəyində yaranan bir göbələyin LSD-yə bənzər təsir göstərərək halüsinasiyalar və nəzarətsiz hərəkətlərə səbəb olduğu düşünülür. Lakin bu izahların heç biri insanların həftələrlə fasiləsiz və sinxron şəkildə necə hərəkət etdiyini tam açıqlaya bilmir.
Payızın gəlişi ilə qəfil sona çatan bu hadisə Strasburq tarixində ən sirli kütləvi hadisələrdən biri kimi qalır. Bir qadının başladığı səssiz rəqs, bir şəhərin yaddaşında silinməz iz buraxıb.
Aydın
Şərhlər