Xəbər lenti

Argentinanın Baş naziri istefa verdi
Dünya 09:39 28.06.2026

Argentinanın Baş naziri istefa verdi

Argentina Nazirlər Kabinetinin rəhbəri Manuel Adorni barəsində irəli sürülən qanunsuz varlanma iddiaları fonunda vəzifəsindən istefa verdiyini açıqlayıb.

Bu barədə siyasətçi Argentina Prezidenti Xavyer Mileyə ünvanladığı açıq məktubda məlumat verib.

Adorni məktubunda bildirib ki, media tərəfindən ona qarşı aparılan davamlı kampaniya həm özünün, həm də ailəsinin müdafiəsini təmin etmək məqsədilə prezidentə müraciət etməsinə səbəb olub. O, həmçinin adına yazılan bahalı daşınmaz əmlaklar və həyat yoldaşının saxta dövlət müqavilələrində iştirak etməsi ilə bağlı iddiaları qəti şəkildə rədd edib.

"La Nación"un məlumatına əsasən, qeydiyyata alınmamış aktivlər və bahalı xarici səfərlərlə bağlı yayılan məlumatlardan sonra Adorni barədə istintaq başladılıb. Xüsusilə, dövlət vəzifəsi tutmayan həyat yoldaşının prezident təyyarəsi ilə Nyu-Yorka səfər etməsi prokurorluğun diqqətini cəlb edib.

Nazirlər Kabinetinin rəhbəri əvvəlcə jurnalistlərin irəli sürdüyü ittihamları inkar etsə də, sonradan əmlak bəyannaməsində təxminən 300 min dollar məbləğində yığımlarını göstərməməsinin səhv olduğunu etiraf edib.

Qeyd edək ki, Manuel Adorni 2025-ci ilin oktyabr ayından etibarən Argentina hökumətinə rəhbərlik edirdi. /Modern.az
--> -->