Kanada Arktikasının donmuş torpaqlarında 158,20 karat çəkisinə malik emal olunmamış sarı almaz aşkar edilib.
Qaynarinfo xəbər verir ki, bu barədə "DailyGalaxy” məlumat yayıb.
Mütəxəssislərin bildirdiyinə görə, daş təxminən 2 milyard il əvvəl formalaşıb və Kanadada indiyədək tapılmış ən böyük zərgərlik keyfiyyətli sarı almazlardan biri hesab olunur.
Qiymətli daş Diavik mədənindən çıxarılıb. Mədən Arktika Dairəsindən təxminən 200 kilometr uzaqda yerləşən kiçik bir adada yerləşir və olduqca çətin əlçatanlığı ilə tanınır: yayda yalnız hidroplanla, qışda isə buz yolu ilə ora çatmaq mümkündür.
"Bu daş təbiətin möcüzəsidir və Diavikin çətin subarktik şəraitində çalışan bütün kişi və qadınların peşəkarlığının və dayanıqlığının sübutudur”, deyə "Diavik Diamond Mines” şirkətinin əməliyyat direktoru Mett Brin bildirib.
Məlumata görə, belə bir almazın tapılması son dərəcə nadir hadisədir. Bu mədəndə hasil olunan daşların 1 faizindən az hissəsi sarı almazlardır, əksəriyyət isə adətən ağ rəngdə olur.
Mütəxəssislərin sözlərinə görə, tapılan nümunə mədənin 22 illik fəaliyyətində 100 karatdan böyük olan cəmi beş sarı almazdan biridir. Almazın rənginin səbəbi onun kristal quruluşuna düşən azot atomlarıdır və bu cür formalaşma şəraiti hazırda Yer kürəsində demək olar ki, mövcud deyil.
Maraqlıdır ki, bu tapıntı mədən üçün "vida hədiyyəsi” kimi qiymətləndirilir. Bildirilir ki, Diavik 24 mart 2026-cı ildə fəaliyyətini rəsmi olaraq dayandırıb və bu sarı almaz obyektin tarixindəki son böyük kəşflərdən biri olub.
"Rio Tinto” şirkəti daşın qiymətini və alıcısının kimliyini açıqlamır. Satış üzrə baş menecer Patrik Kopens bu xüsusi almazın gələcək mərhələsinin – qiymətləndirmə və mürəkkəb kəsim prosesinin – maraqla gözlənildiyini bildirib.
Ekspertlərin proqnozuna görə, emal zamanı daş ideal forma və rəng intensivliyi əldə etmək üçün çəkisinin yarıdan çoxunu itirə bilər.
Aydın
Şərhlər