XƏBƏR LENTİ

Şərhlər

Xəbər lenti

Atdığı daşa görə 1 aylıq həbs edildi
Ölkə15:17 02.09.2026

Atdığı daşa görə 1 aylıq həbs edildi

Astara rayonunda həmkəndlisini daşla vuran şəxs həbs edilib.

Qaynarinfo-nun məlumatına görə, hadisə Astara rayonunun Hamoşan kəndində baş verib.

Hadisəni törədən, Hamoşan kənd sakini, 1980-ci il təvəllüdlü İsrafil Qasımov Rəzzax oğlu saxlanılaraq barəsində İnzibati Xətalar Məcəlləsinin 157 və 232-1-ci maddələri ilə protokol tərtib edilib və işə məhkəmədə baxılıb.

Məlum olub ki, İsrafil Qasımov həmkəndlisi, zərərçəkmiş C.V. ilə mübahisə edib. Mübahisədən sonra zərərçəkmiş hadisə yerindən uzaqlaşmaq istəyərkən təqsirləndirilən şəxs ona daş atıb. Atılan daşlardan biri C.V.-nin ayağına, digəri isə daşdan yayınmağa çalışarkən qoluna dəyib.

C.V. avtomobilinə minərək hadisə yerini tərk edərkən təqsirləndirilən şəxs daşla onun avtomobilinə də zərər vurub.

Nəticədə zərərçəkmişin sol diz qapağı nahiyəsindən və qolundan xəsarət aldığı müəyyən edilib.

Barəsində inzibati xəta haqqında icraat aparılan İsrafil Qasımov məhkəmə iclasında verdiyi izahatında zərərçəkmişə əsəbi olduğu üçün daş atdığını bildirib. Sakit bir insan kimi yaşamaq istədiyini və heç kəslə ədavətinin olmadığını deyib. O, özünü təqsirli hesab edib.

Məhkəmənin qərarı ilə İsrafil Qasımov təqsirli bilinərək barəsində 1 ay müddətinə inzibati həbs tənbeh tədbiri tətbiq olunub.

Aydın