XƏBƏR LENTİ

Şərhlər

Xəbər lenti

Təhsillə bağlı ciddi problem: "3 minə yaxın şagird bir məktəbdə təhsil alır"
Ölkə15:06 02.09.2026

Təhsillə bağlı ciddi problem: "3 minə yaxın şagird bir məktəbdə təhsil alır"

“Son illər Azərbaycan təhsilinin ən ciddi problemlərindən biri şagird sıxlığıdır. Elə məktəb var ki, orada 3 minə yaxın şagird təhsil alır”.

Bunu Qaynarinfo-ya açıqlamasında təhsil eksperti Elmin Nuri deyib.

Onun sözlərinə görə, müzakirələr zamanı bu problemə həmişə ötəri yanaşılıb:

“Bəzən mövzu xatirinə, bəzən də problem kimi müzakirə olunub. Amma məsələ heç də belə deyil. Bu gün təhsildə keyfiyyəti aşağı salan ən ciddi məsələlərdən biri şagird sıxlığıdır. Amma bunu sırf təhsil problemi də adlandırmaq olmaz. İnsanların şəhərə axını var. Bakı meqapolis şəhəridir. Hamıya məlumdur ki, insanlar Bakıya niyə gəlir – iş imkanları burada daha çoxdur. Ailələr bura köçdükcə onların övladları da məhz yaşadıqları ərazidəki məktəblərə gedirlər. Ona görə də 500 nəfər üçün nəzərdə tutulan məktəbdə 1500-1800 şagird təhsil alır”.

Elmin Nuri bu istiqamətdə müəyyən işlərin görüldüyünü də vurğulayıb:

“Şagirdlərin yerləşdirilməsi və yerdəyişməsi prosesində ərazi-inzibati vahid tələbi irəli sürüldü. Buna görə də bəzi məktəblərdə şagird sayında xeyli azalmalar oldu. Amma bir məktəbdə şagird sayının azalması digər məktəbdə sıxlığa gətirib çıxarır. Bu gün paytaxtda elə məktəb var ki, orada şagirdlərin sayı az qala 3 minə çatır. Məsələn, müəllimləri danışdırsanız, nələr deyəcəklər. Siniflərdə o qədər sıxlıq var ki, şagird az qala pəncərədən çölə çıxsın. Xüsusən paytaxtın bir neçə əsas rayonundakı məktəblərdə çox ciddi şagird sıxlığı var”.

Ekspertin sözlərinə görə, mövcud reqlamentə əsasən, bir sinif otağında hər şagird üçün müəyyən olunmuş sahə norması gözlənilməlidir:

“Bu isə praktikada mümkün deyil. Bir sinif otağında 24-25-dən artıq şagirdin olması məqsədəuyğun deyil. Amma bu gün elə siniflər var ki, orada 40-dan çox şagird təhsil alır. Bu, bir çox görünməyən problemlərə gətirib çıxara bilər. Məsələnin tibbi, gigiyenik, psixoloji, diqqətin cəmlənməsi və tədrisin keyfiyyəti ilə bağlı tərəfləri var. Müəllim nə etsin? Müəllim bir yerə qədər nəsə edə bilər. Sinifdə şagird sayı çoxdursa, müəllim bununla bağlı nə edə bilər? Məktəb binalarının sayı artırılmalıdır”.

Ekspert məktəb binalarının sayının artırılmasının vacibliyini bildirib:

“Bu da artıq iqtisadi və ərazi baxımından çətin məsələdir. Bu gün şagird sıxlığının daha çox müşahidə olunduğu üç ərazi var – Bakı, Abşeron və Sumqayıt. Xüsusən Abşeron-Xırdalan ərazisində məktəblərdə ciddi şagird sıxlığı nəzərə çarpır. Çünki insanlar harada çox cəmləşirsə, həmin ərazidə məktəblərdə və bağçalarda da sıxlıq yaranır.

Bəzi məktəblərin korpuslarının sayı artırılmalıdır. Bəzi məktəblərdə artıq buna gedilib. Elə məktəb var ki, bir neçə korpusu fəaliyyət göstərir, ibtidai siniflər üçün ayrıca, yuxarı siniflər üçün isə ayrıca korpuslar var. Alternativlər olmalıdır. Ya sinif otaqlarının sayı artırılmalıdır, ya da yeni məktəblər tikilməlidir. Amma bu da hər yerdə mümkün deyil”.

Elmin Nurinin sözlərinə görə, sinif otaqlarının sayının artırılması üçün məktəbin ümumi strukturunda və sahə ekvivalentində dəyişikliklər edilməlidir:

“Bəzi ekspertlər təklif edir ki, şagird sıxlığını azaltmaq üçün, məsələn, dörd paralel sinif varsa – 11-A, 11-B, 11-C, 11-Ç – onların sayını artıraraq altı paralel sinif etmək olar. Amma əlavə iki sinfin yaradılması üçün yeni sinif otaqları lazımdır. Bu sinif otaqları haradan gətiriləcək? Problem də məhz budur”.

Bahar Rüstəmli