Reyçel Kaskın yeni romanı və əsərdəki “M” adlı kino ulduzu obrazı ətrafında mübahisələr davam edir. Obrazın Natali Portmana bənzədiyi iddiaları isə əsər ətrafındakı müzakirələri daha da genişləndirib.
Qaynarinfo BBC-yə istinadən xəbər verir ki, Trumen Kapotenin yüksək cəmiyyət nümayəndələrinin sirlərini əsərlərində üzə çıxarmasından tutmuş, “The Devil Wears Prada” filmindəki Miranda Pristlinin “Vogue” jurnalının baş redaktoru Anna Vintura bənzədilməsinə qədər ədəbi obrazların real şəxslərdən ilhamlanması həmişə oxucuların marağına səbəb olub.
Reyçel Kaskın “Life of M” adlı yeni romanı da bu ənənəni davam etdirir. Əsər bioqrafik detalları real həyatda tanınmış aktrisa Natali Portmanın həyatına qeyri-adi dərəcədə bənzəyən “M” adlı uydurma kinoaktrisanın hekayəsindən bəhs edir.
Kask müasir ədəbiyyatın tanınmış və sərhədləri sınağa çəkən yazıçılarından biridir. Nəşriyyat romanı “şöhrət, güc, gözəllik və həqiqətin yandırıcı araşdırılması” kimi təqdim edib. Lakin kitabın Portmanla əlaqələndirilməsi onun ətrafında ədəbi dairələrdən kənarda da böyük maraq yaradıb.
Mübahisə nədən yaranıb?
Romanın nəşrindən bir neçə həftə əvvəl, iyul ayında mədəniyyət jurnalisti Valeri Stivers UnHerd saytında yazdığı məqalədə əsəri “Natali Portmanın qaranlıq portreti” adlandırıb və aktrisanın Kaskın onu necə təsvir etməsindən narazı olduğunu iddia edib.
Bu yazıdan sonra Kaskın yaradıcılığını bilən insanlar arasında Portmanın həyatının romanda istifadəsinə razılıq verib-vermədiyi, yaxud yazıçının onun təcrübələrindən icazəsiz yararlanıb-yararlanmadığı barədə müzakirələr başlayıb.
Romanın süjeti də bu sualları daha da aktuallaşdırıb. Əsərin iki əsas personajı var: adı və cinsi açıqlanmayan yazıçı və məşhur kinoaktrisa “M”.
Roman “Bir müddət əvvəl aktyor M-yə onun avtobioqrafiyasını yazmağı düşündüyümü dedim” cümləsi ilə başlayır. Daha sonra M yazıçıya etiraz edir: “Sənin məni necə təsvir etməyini bəyənmirəm... Əslində bu, incidicidir”.
Bunun Kask ilə Portman arasında real söhbətə əsaslanıb-yaranmadığı isə məlum deyil.
Hər iki qadın Parisdə yaşayır və yolları əvvəllər kəsişib. Portman iki dəfə Kaskın romanlarını öz kitab klubunda seçib, yazıçıdan müsahibə götürüb və onun yaradıcılığına heyranlığını ifadə edib. Bununla belə, “Vanity Fair” nəşrinə danışan mənbə onların “demək olar ki, heç vaxt yaxın münasibətlərinin olmadığını” bildirib.

Portmanın “ədəbi sui-qəsdi”
Kask “The New York Times” qəzetinə müsahibəsində M obrazının real insana əsaslanıb-əsaslanmadığı barədə ehtiyatlı danışaraq bunun “əslində əsas məsələ olmadığını” deyib.
Bununla belə, M ilə Portman arasındakı paralellər kifayət qədər nəzərəçarpandır. Kaskın obrazı yaşlı kişi aktyorla birlikdə çəkildiyi filmdən sonra uşaq yaşlarında şöhrət qazanır və bu film onun “uşaqlığına dərhal son qoyur”. Bu təsvir Portmanın 1994-cü ildə çəkilmiş “Léon: The Professional” filmindəki rolunu xatırladır.
M həmçinin böyük bir brendin simasıdır və reklamlarda “baharın çəhrayı çiçəkləri ilə əhatələnmiş” halda görünür. Portman isə “Miss Dior” ətrinin simasıdır.
Obrazın oynadığı filmlər arasında problemli prima-balerina və məktəbdə baş verən atışmadan sağ çıxaraq pop ulduzuna çevrilən qız obrazları da var. Bunlar Portmanın “Black Swan” və “Vox Lux” filmlərindəki rollarına bənzəyir.
Portman özü mübahisə ilə bağlı açıqlama verməyib. Lakin “Vanity Fair” onun yaxın çevrəsinin narazı olduğunu yazıb. Nəşrin mənbəsinə görə, Portmanın dostları “M obrazının onun bioqrafiyasından başqa heç nəyə bənzəməməsindən” qəzəbləniblər.
“The Telegraph” romanı Portmana qarşı “ədəbi sui-qəsd” adlandırıb.
M oxucuda rəğbət doğuran obraz deyil. Xarici görünüşcə cazibədar olsa da, o, təkəbbürlü, soyuq və görünüşünə həddindən artıq bağlıdır. Bir dəfə özünə üz cizgiləri ilə bənzəyən, lakin bədən quruluşu daha iri olan satıcı ilə qarşılaşır və günün qalan hissəsini həmin qadının “dolu ombaları və taleyini dəyişə biləcək möhkəm ayaqları” barədə düşünür.
Lakin romanın əvvəlindən oxucuya xatırladılır ki, M haqqında bildiklərinin hamısı əsərin nəql edən personajının yaratdığı təsvirlərdir. Portmanı M ilə eyniləşdirmək isə həm obrazın, həm də aktrisanın üzərinə öz təsəvvürlərimizi köçürmək deməkdir.

Avtofikşiyanın kraliçası
Reyçel Kaskın yeni kitabının mübahisə yaratması əslində təəccüblü deyil. 1993-cü ildə ilk kitabını nəşr etdirən britaniyalı yazıçı 15-dən çox əsərin müəllifidir və uzun müddətdir ədəbi mübahisələrin mərkəzindədir.
Kaskın memuarları xüsusilə ziddiyyətli qarşılanıb. O, 2001-ci ildə nəşr olunan “A Life's Work” kitabında erkən analığın çətinliklərini son dərəcə açıq şəkildə təsvir edib. Əsər həmin dövrdə böyük narazılıq doğursa da, sonradan qadınların analıq barədə daha açıq yazmasına yol açan əsərlərdən biri kimi qiymətləndirilib.
“Life of M” də Kaskın guya real insanları təsvir etməsi ilə bağlı ilk qalmaqalı deyil. 2009-cu ildə yazdığı “The Last Supper: A Summer in Italy” memuarının ilkin tirajı əsərdə özünü tanıyan bir kişinin məhkəməyə müraciət etməsindən sonra məhv edilməli olub.
2012-ci ildə boşanmasından bəhs edən “Aftermath” memuarı da tənqidçilərin sərt reaksiyasına səbəb olub. Bundan sonra Kask ənənəvi memuar yazmaqdan uzaqlaşaraq bədii ədəbiyyatla şəxsi xatirələr arasındakı sərhədləri qarışdıran avtofikşiyaya yönəlib.
Onun ən çox təriflənən əsərləri arasında “Outline”, “Transit” və “Kudos” romanlarından ibarət trilogiya yer alır. Bu əsərlərdə Kaska çox bənzəyən Faye adlı yazıçı qarşılaşdığı insanlarla uzun söhbətlər aparır.
Roman həqiqətən yaxşıdırmı?
“Life of M” romanından şirəli Hollivud ifşaları gözləyən oxucuların məyus olması mümkündür. Roman Portmandan daha çox məşhurluq anlayışının özünü araşdırır və M bu mövzu üçün bir vasitə rolunu oynayır.
Kask yaradıcılığında getdikcə kimlik anlayışına daha çox diqqət yetirir. Ömrünü müxtəlif rollar oynamaqla keçirən aktrisa isə müəllifə həqiqilik məsələsini araşdırmaq üçün əlverişli obraz təqdim edir.

183 səhifədən ibarət olan roman qısa həcmli əsərdir. Kaskın lakonik üslubu kitabı daha da yığcam göstərir. Əsərdə üç fərqli baxış bucağından istifadə olunur: nəql edənin “mən”i, M haqqında üçüncü şəxslə verilən müşahidələr və daha müəmmalı şəkildə “biz” adından nəql olunan hissələr.
Bu eksperimentlər bəzən təsirli olsa da, əsərin bütövlüyü hesabına başa gəlir. Tənqidçilərin reaksiyası da əsasən ilıq olub. “The New York Times” romanı “soyuq və mücərrəd”, “The New Yorker” isə Kaskın “indiyədək yazdığı ən zəif roman” adlandırıb. “The Guardian” isə daha mülayim yanaşaraq əsəri “heyranlıq doğuracaq qədər böyük, lakin seviləsi olmayan kitab” kimi qiymətləndirib.
Romanın sonluğu isə əvvəlki hadisələri sual altına qoyduğu üçün xüsusilə ziddiyyətli qarşılanıb.
Kask əsərini müdafiə edərək bildirib: “Mənim üçün bu, cəsarətli, qəribə kitabdır və o, qalmaqal və ya dedi-qodu mövzusu deyil”.
Bununla belə, romanın ətrafında artıq yaranmış böyük maraq göstərir ki, onun mümkün ilham mənbəyi barədə müzakirələri dayandırmaq çətin olacaq.
Aydın
Şərhlər