Dünya 19:51 01.10.2023

Avstriya hələ də qazın 66 faizini Rusiyadan alır

Avstriya hələ də öz təbii qazının 2/3-ni Rusiya Federasiyasından idxal edir.

Qaynarinfo xəbər verir ki, bunu Avstriyanın İqlim Mühafizəsi, Ətraf Mühit, Enerji, Mobillik, İnnovasiya və Texnologiyalar Nazirliyinin energie.gv.at platformasındakı məlumatlar sübut edir.

Dərc edilmiş məlumatlara görə, 2023-cü ilin iyul ayına Rusiya Federasiyasından təbii qaz idxalı ümumi qaz idxalının 66%-ni təşkil edib. 2022-ci ilin fevralında Rusiya Ukraynaya genişmiqyaslı müdaxiləyə başlayanda Avstriya qazının 79%-ni Rusiya Federasiyasından alırdı.

Qeyri-Rusiya mənbələrindən idxalın payı 34% təşkil edib və əsasən Norveç qazı və mayeləşdirilmiş təbii qazdan (LNG), həmçinin Şimali Afrika və Mərkəzi Asiyadan kiçik həcmdə qazdan ibarət olub. Digər qeyri-rus mənbələrindən idxal əsasən Almaniya və İtaliya vasitəsilə həyata keçirilir.

Platformanın məlumatına görə, sentyabrın 29-na Avstriyanın qaz anbarı 94,33% doludur ki, bu da 92,1 terawatt-saat təbii qaza bərabərdir. Göstərilən həcm Avstriyanın 2022-ci ildə istehlak etdiyi qazdan çoxdur.

Aydın