
"Netflix” milyardlarla dollar itki ilə nəticələnən FTX qalmaqalını ekranlaşdırmağa hazırlaşır. Səkkiz seriyadan ibarət mini-serial “The Altruists” vaxtilə kriptovalyuta bazarının ən böyük şirkətlərindən birinə çevrilmiş FTX-in yüksəlişindən və süqutundan bəhs edəcək. “Netflix” noyabrın 19-da yayımlayacağı serialın ilk treylerini təqdim edib.
Qaynarinfo xəbər verir ki, hekayənin mərkəzində FTX-in qurucusu Sem Benkman-Frid və “Alameda Research” şirkətinin keçmiş baş direktoru Kerolayn Ellison yer alır. Serialda Benkman-Frid obrazını Entoni Boyl, Ellison obrazını isə Culiya Qarner canlandırır.
Treyler onların tanışlığından başlayaraq münasibətlərinin necə inkişaf etdiyini və birlikdə idarə etdikləri milyardlarla dollarlıq biznesin necə nəzarətdən çıxdığını göstərir.
Dünyanı dəyişmək istəyərkən milyardlarla dollar yoxa çıxdı
Sem Benkman-Frid Qari Vanqla birlikdə “FTX” adlı kriptovalyuta birjasını qurub. Qısa müddətdə sürətlə böyüyən şirkət gündəlik 10 milyard dollara çatan ticarət həcmi ilə dünyanın ən böyük kriptovalyuta platformalarından birinə çevrilib.
Benkman-Frid eyni zamanda “Alameda Research” adlı investisiya şirkətinin də qurucularından biri olub. Kerolayn Ellison isə bu şirkətin idarəçiliyini öz üzərinə götürüb. İş münasibətləri zamanla romantik münasibətə çevrilən ikili qazandıqları pulları başqalarına kömək etmək üçün istifadə etməyi müdafiə edən bir düşüncəni mənimsəyib.
Lakin FTX-in sürətli yüksəlişi uzun sürməyib.
2022-ci ildə şirkətin öz kriptovalyutasının dəyərdən düşməsi investorlar arasında təşviş yaradıb. İstifadəçilər pullarını çıxarmağa başlayanda FTX ciddi maliyyə böhranına düşüb. Şirkətin süqutundan sonra müştərilərə məxsus təxminən 8 milyard dolların hesablarda olmadığı üzə çıxıb.
FTX-in süqutu məhkəmə salonuna daşındı
Qalmaqaldan sonra başlayan araşdırma şirkətin müştəri vəsaitlərindən necə istifadə etdiyini üzə çıxarıb.
Kerolayn Ellison məhkəmədə verdiyi ifadədə Benkman-Fridin göstərişləri əsasında FTX müştərilərinə məxsus pulları “Alameda Research” şirkətini maliyyələşdirmək, daşınmaz əmlak almaq və siyasi ianələr etmək üçün istifadə etdiklərini bildirib.
Sem Benkman-Frid 2023-cü ildə dələduzluq və cinayət törətmək məqsədilə əlbir olma da daxil olmaqla, yeddi ayrı ittiham üzrə təqsirli bilinib. Məhkəmə 2024-cü ilin martında keçmiş FTX rəhbərini 25 il müddətinə azadlıqdan məhrum edib.
Bir vaxtlar milyardlarla dollarlıq kriptovalyuta imperiyasını idarə edən Benkman-Fridin hekayəsi beləliklə, maliyyə dünyasının ən çox müzakirə olunan dələduzluq işlərindən birinə çevrilib.
“The Altruists” nə vaxt yayımlanacaq?
“Netflix”in yeni mini-serialı yalnız şirkətin süqutuna diqqət yetirməyəcək. “The Altruists” Benkman-Fridlə Ellison arasındakı münasibətlərdən, onların qəbul etdiyi qərarlardan və bu qərarların doğurduğu nəticələrdən də bəhs edəcək.
Serialın yaradıcısı “The Imitation Game” filminin ssenari müəllifi Qrem Murdur. Ekran əsəri “New York Magazine” jurnalının FTX haqqında apardığı araşdırmalardan ilhamlanaraq hazırlanıb.
“The Altruists” 19 noyabr 2026-cı ildə səkkiz seriyanın hamısı ilə “Netflix” platformasında yayımlanacaq.
Aydın
