Dünya 15:50 03.08.2022

Aydın Mirzəzadə ABŞ-Çin gərginliyinə görə təəssüflənir: "Çox istərdim ki..."

"Çox təəssüf ki, ABŞ və Çin arasında diplomatik insident yaşandı. Bu qalmaqal dünyanın çox böyük narahatçılığına səbəb oldu”. 

Bunu Qaynarinfo-ya açıqlamasında Milli Məclisin deputatı Aydın Mirzəzadə ABŞ Nümayəndələr Palatasının spikeri Nensi Pelosi Tayvana səfərini şərh edərkən deyib. Deputat bildirib ki, Azərbaycan Çinin ərazi bütövlüyünü tanıyır:

"Tayvan adası Çinin bir hissəsıdir. Azərbaycan bu məsələdə Çinin suverenliyini əsas tutur. Təəssüf edirik ki, ABŞ administrasiyasının üçüncü şəxsi Çinin razılığı olmadan onun ərazisinin bir hissəsinə belə bir səfər etdi. Bu, diplomatik gərginliyə, hərbi qarşıdurmaya və bundan sonra müəyyən ağır nəticələrə səbəb olacaq vəziyyət yaratdı. Çox istərdim ki, dünyanın iki aparıcı dövlətinin münasibətləri bu səviyyəyə gəlib çatmayaydı və tərəflər beynəlxaq hüququ, ərazi bütövlüyü və maraqların üst-üstə düşməsini dinc yolla müzakirə edərdilər”. 
 


Aydın Mirzəzadə deyir ki, Azərbaycan Çinin ərazi bütövlüyün  dəstəkləyir, bu birmənalıdır. Rusiyanın bu məsələdə roluna gəlincə, Aydın Mirzəzadə hesab edir ki, hər bir dövlət bu gərginliyin onun milli maraqlarına necə təsir edəcəyini düşünür:

"Bu, Rusiya üçün nə dərəcədə vacibdir, hansı mənfi nəticəyə gətirib çıxardacaq, onu Kreml daha yaxşı bilər. Azərbaycanın bu məsələyə münasibət bildirməsi düzgün çıxmaz”. 

Qeyd edək ki, ABŞ Nümayəndələr Palatasının spikeri Nensi Pelosi Pekinin xəbərdarlıqlarına baxmayaraq, Tayvana səfər edib. Onun bu səfəri ABŞ və Çin arasında böyük gərginliyə səbəb olub.

Bahar Rüstəmli