XƏBƏR LENTİ

Şərhlər

Xəbər lenti

Azərbaycan–Özbəkistan müttəfiqliyi yeni geosiyasi reallıqlar yaradır (ŞƏRH)
Siyasət10:50 23.08.2026

Azərbaycan–Özbəkistan müttəfiqliyi yeni geosiyasi reallıqlar yaradır (ŞƏRH)

Azərbaycan–Özbəkistan münasibətlərinin son illərdə keçdiyi inkişaf yolu təkcə iki qardaş ölkə arasında əlaqələrin genişlənməsi deyil, həm də Avrasiya məkanında iki və çoxtərəfli formatlarda yeni geosiyasi və geoiqtisadi reallıqların formalaşmasının mühüm göstəricisidir. Prezident İlham Əliyevin Özbəkistanın Milli İnformasiya Agentliyinə verdiyi müsahibə bu münasibətlərin mahiyyətini, əldə olunan nəticələri və gələcək strateji istiqamətləri aydın şəkildə ortaya qoyur. Müsahibədən görünən əsas siyasi nəticə budur ki, ortaq tarixi-mədəni köklərə əsaslanan Azərbaycan–Özbəkistan qardaşlığı artıq institusional, hüquqi və siyasi baxımdan möhkəmlənmiş müttəfiqlik modelinə çevrilib.

Bu sözləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı, siyasi elmlər doktoru Rizvan Nəbiyev deyib.

O bildirib ki, iki ölkə arasında münasibətlərin ideya-mənəvi təməlini əsrlərboyu formalaşmış ortaq tarix, dil, mədəniyyət, mənəvi dəyərlər və qarşılıqlı rəğbət təşkil edir. Lakin son dövrün əsas xüsusiyyəti bu tarixi yaxınlığın konkret siyasi və institusional məzmun qazanmasıdır. Prezident İlham Əliyev və Prezident Şavkat Mirziyoyev arasında formalaşmış səmimi dostluq, qarşılıqlı hörmət və yüksək etimad ölkələrarası münasibətlərin inkişafını sürətləndirən mühüm amilə çevrilib. Son beş ildə dövlət başçıları səviyyəsində 15 qarşılıqlı səfərin həyata keçirilməsi siyasi dialoqun intensivliyini və əlaqələrin xüsusi prioritet daşıdığını göstərir. Qarşılıqlı dövlət səfərləri münasibətlərin yeni mərhələsinin siyasi-hüquqi əsaslarını daha da möhkəmləndirib. “Strateji tərəfdaşlığın dərinləşdirilməsi haqqında Bəyannamə” və “Müttəfiqlik münasibətləri haqqında Müqavilə”nin imzalanması Azərbaycan və Özbəkistan arasındakı qardaşlığı rəsmən müttəfiqlik münasibətləri səviyyəsinə yüksəldib. Bununla da əlaqələr uzunmüddətli dövlət strategiyası və hüquqi öhdəliklər üzərində qurulan əməkdaşlıq modelinə çevrilib. 2023-cü ildə yaradılmış Ali Dövlətlərarası Şura da bu prosesdə xüsusi əhəmiyyət daşıyır. Şura iki ölkə arasında əməkdaşlığın ayrı-ayrı istiqamətlər üzrə koordinasiyasını təmin edən, uzunmüddətli prioritetləri müəyyənləşdirən və strateji qərarların qəbulunu əlaqələndirən əsas institusional platformadır. Bu mexanizm Azərbaycan–Özbəkistan münasibətlərinin yalnız mövcud siyasi şəraitdən asılı olmadığını, gələcəyə hesablanmış sistemli xarakter daşıdığını nümayiş etdirir.

“Müttəfiqliyin mühüm geoiqtisadi ölçüsünü nəqliyyat və logistika əməkdaşlığı təşkil edir. Azərbaycanın Cənubi Qafqazda, Özbəkistanın isə Mərkəzi Asiyada yerləşməsi hər iki ölkəni Şərq–Qərb istiqamətində yaranan yeni nəqliyyat-kommunikasiya arxitekturasının təbii tərəfdaşlarına çevirir. 2025-ci ildə tranzit daşımaların həcminin 6,7 faiz artaraq 1,4 milyon tona çatması, bu ilin birinci yarısında isə əlavə 12,2 faiz artımın qeydə alınması bu əməkdaşlığın real iqtisadi dinamika qazandığını göstərir. Bu kontekstdə Orta Dəhlizin inkişafı xüsusi strateji əhəmiyyət daşıyır. Çin–Qırğızıstan–Özbəkistan dəmir yolunun gələcəkdə Orta Dəhliz və TRIPP istiqamətləri ilə daha sıx inteqrasiyası Mərkəzi Asiya ilə Cənubi Qafqaz arasında yeni tranzit sinerjisi yarada bilər. Belə bir inteqrasiya Özbəkistanın qlobal bazarlara çıxış imkanlarını genişləndirəcək, Azərbaycanın da Avrasiyanın əsas logistika qovşaqlarından biri kimi mövqeyini daha da möhkəmləndirəcək. Başqa sözlə, Azərbaycan–Özbəkistan əməkdaşlığı tədricən ikitərəfli nəqliyyat gündəliyindən regional bağlantılar sisteminin formalaşdırılmasına doğru inkişaf edir”.

Deputat qeyd edib ki, enerji sahəsində, xüsusilə yaşıl enerji istiqamətində əməkdaşlıq da yeni geosiyasi məzmun qazanır. Azərbaycan, Qazaxıstan və Özbəkistanın iştirakı ilə yaradılmış “Yaşıl Dəhliz Birliyi” MMC Mərkəzi Asiya–Azərbaycan enerji əməkdaşlığının yeni modelini formalaşdırır. Bu layihənin mahiyyəti yalnız bərpaolunan enerjinin istehsalı və ixracı ilə məhdudlaşmır. Söhbət Mərkəzi Asiyanın enerji potensialının Azərbaycan vasitəsilə daha geniş regional və beynəlxalq bazarlara çıxarılması perspektivindən gedir. Geniş coğrafi mənada Xəzərin iki sahili arasında enerji bağlantılarının yaradılması gələcəkdə regionun enerji xəritəsini əhəmiyyətli dərəcədə dəyişə bilər.

“Azərbaycan–Özbəkistan münasibətlərinin strateji ölçüsünü gücləndirən digər mühüm amil Türk dünyası çərçivəsində əməkdaşlıqdır. Hər iki dövlət Türk Dövlətləri Təşkilatını (TDT) sadəcə çoxtərəfli əməkdaşlıq platforması kimi deyil, ortaq tarixi və mədəni kimliyə əsaslanan siyasi, iqtisadi və humanitar inteqrasiyanın əsas mexanizmlərindən biri kimi qiymətləndirir. TDT çərçivəsində nəqliyyat, enerji, iqtisadiyyat, təhsil, elm və humanitar sahələrdə əməkdaşlığın genişlənməsi Türk dünyasının beynəlxalq sistemdə siyasi və iqtisadi çəkisinin artmasına xidmət edir”, - deyə Rizvan Nəbiyev bildirib.

O vurğulayıb ki, Prezident İlham Əliyevin müsahibəsində diqqəti cəlb edən əsas geosiyasi məqamlardan biri də Azərbaycanın Mərkəzi Asiya ilə münasibətlərinin keyfiyyətcə yeni mərhələyə qədəm qoymasıdır. Azərbaycanın Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət Görüşlərində tamhüquqlu iştirakı ilə bağlı qərar əvvəlki “C5” formatının faktiki olaraq “C6” formatına çevrilməsi deməkdir. Bu dəyişiklik sadəcə iştirakçıların sayının artması deyil, mühüm və geniş perspektivləri olan strateji qərardır. Azərbaycan artıq Mərkəzi Asiya ilə Cənubi Qafqaz arasında yerləşən xarici tərəfdaş deyil, regionun iqtisadi, nəqliyyat, enerji və siyasi prosesləri ilə sıx bağlı strateji aktora çevrilir. Azərbaycan və Özbəkistanın nümunəsində , “C6”lıq dövlətlərinin daha sıx koordinasiyası vahid geoiqtisadi məkanın formalaşmasına şərait yaradır. Azərbaycan bu prosesə özünün inkişaf etmiş nəqliyyat infrastrukturu, enerji imkanları, Avropa və Qafqazla bağlantıları, eləcə də siyasi-diplomatik təcrübəsi ilə mühüm töhfə verir.

“Nəticə etibarilə, Prezident İlham Əliyevin müsahibəsi Azərbaycan–Özbəkistan münasibətlərinin artıq ənənəvi ikitərəfli əməkdaşlıq çərçivəsindən kənara çıxdığını göstərir. Bu münasibətlər tarixi qardaşlıqdan strateji tərəfdaşlığa, strateji tərəfdaşlıqdan müttəfiqliyə yüksəlməsi isə daha geniş regional inteqrasiya modelinə doğru inkişafı nümayiş etdirir. Siyasi etimad, yüksək səviyyəli dialoq, institusional mexanizmlər, nəqliyyat və enerji layihələri, Türk dünyası çərçivəsində inteqrasiya və Azərbaycanın Mərkəzi Asiya ilə yeni formatda yaxınlaşması bir-birini tamamlayan vahid strateji sistem formalaşdırır. Bu mənada Azərbaycan–Özbəkistan müttəfiqliyi yalnız iki dövlətin milli maraqlarına xidmət edən tərəfdaşlıq deyil. Bu, eyni zamanda, Türk dünyasının daha sıx inteqrasiyası, Orta Dəhlizin inkişafı, yaşıl enerji marşrutlarının yaradılması, Mərkəzi Asiya ilə Cənubi Qafqazın geoiqtisadi baxımdan yaxınlaşması və bütövlükdə Avrasiyada yeni əməkdaşlıq arxitekturasının formalaşmasının mühüm dayaqlarından birinə çevrilməkdədir.