XƏBƏR LENTİ

Şərhlər

Xəbər lenti

Toy daha bahalı olduqca boşanma riski artır: Araşdırma nə göstərir?
Dünya21:25 22.08.2026

Toy daha bahalı olduqca boşanma riski artır: Araşdırma nə göstərir?

Toy mərasiminə daha çox pul xərcləyən cütlüklərin boşanma riski daha yüksək ola bilər. ABŞ-dakı Emori Universitetinin iqtisadçıları 3 mindən çox evli cütlüyün məlumatlarını təhlil etdikdən sonra belə nəticəyə gəliblər.

Qaynarinfo xəbər verir ki, Endryu Frensis-Tan və Hyuqo Mialon nişan üzüyünə və toy mərasiminə çəkilən xərclərlə nikahın davamlılığı arasındakı əlaqəni araşdırıblar. Tədqiqatda ən azı bir dəfə evli olmuş 3151 amerikalı iştirak edib. Onlar nişan üzüyünə və toy mərasiminə nə qədər pul xərclədikləri barədə məlumat veriblər.

Tədqiqatçılar nikahın müddətinə təsir edə biləcək digər amilləri də nəzərə alıblar. Bunlara ailənin gəliri, nikaha daxilolma yaşı, uşaqların olub-olmaması, nikahdan əvvəl birlikdə yaşamaq və demoqrafik xüsusiyyətlər daxil olub.

Bu amillər nəzərə alındıqdan sonra da toy və nişan üzüyünə çəkilən xərclərlə boşanma arasında əlaqə qorunub.

2000-4000 dollar arasında nişan üzüyü alan kişilərin sorğu zamanı boşanmış olma ehtimalı 500-2000 dollar arasında üzük alan kişilərlə müqayisədə təxminən 1,3 dəfə çox olub.

Toy xərcləri ilə bağlı fərq isə daha nəzərəçarpan olub. Toyu 20 min dollardan baha başa gələn qadınların boşanmış olma ehtimalı 5-10 min dollar xərclənən toyları olan qadınlarla müqayisədə təxminən 3,5 dəfə yüksək olub.

Eyni zamanda, ən aşağı boşanma göstəriciləri toyuna 1000 dollardan az pul xərcləyən cütlüklər arasında müşahidə edilib.

Qonaqların çox olması üstünlük olub

Tədqiqatçılar daha bir maraqlı qanunauyğunluq aşkar ediblər. Toyda qonaqların çox olması, əksinə, daha uzunmüddətli nikahlarla əlaqəli olub.

Burada söhbət toy büdcəsindən deyil, mərasimdə iştirak edən insanların sayından gedir. Xərclər nəzərə alındıqdan sonra daha çox qohum, dost və tanış dəvət edən cütlüklərin orta hesabla daha az boşandığı müəyyənləşib.

Alimlər hesab edirlər ki, çoxsaylı yaxın insanların iştirakı ər-arvad üçün sosial dəstəyi gücləndirə bilər.

Bahalı toy niyə boşanma ilə əlaqəli ola bilər?

Alimlər bu qanunauyğunluğun bir neçə mümkün izahını irəli sürüblər. Onlardan biri maliyyə stressi ilə bağlıdır. Toya böyük məbləğdə pul xərclənməsi gənc ailənin borclanmasına və əlavə iqtisadi təzyiqlə üzləşməsinə səbəb ola bilər. Maliyyə problemləri isə öz növbəsində ər-arvad arasında münaqişələrə gətirib çıxara bilər.

Digər izah cütlüklərin münasibətlərinə yanaşması ilə əlaqələndirilir. Gələcək nikahın davamlılığına əmin olmayan insanlar nəzəri olaraq sədaqətin xarici simvollarına daha çox önəm verə və nişan üzüyünə və ya dəbdəbəli toy mərasiminə daha çox pul xərcləyə bilərlər.

Bununla belə, alimlər əldə olunan nəticələrin məhz bu amillərdən biri ilə izah edildiyini iddia etmirlər.

Beləliklə, araşdırma bahalı nişan üzüyü və dəbdəbəli toyun möhkəm münasibətlərin təminatı olması ilə bağlı geniş yayılmış fikri şübhə altına alıb. Əksinə, daha təvazökar xərclər daha aşağı boşanma ehtimalı ilə, toyda qonaqların çox olması isə daha uzunmüddətli nikahlarla əlaqəli olub.

Aydın