Növbəti tədris ili üçün bir sıra ali təhsil müəssisələrində xarici dil müəllimliyi ixtisasına qəbul planında azalma diqqət çəkir. İngilis dili ilə yanaşı, alman və fransız dili üzrə də təkcə paytaxtda deyil, region universitetlərində də yerlərin azaldılması tendensiyanın təsadüfi olmadığını göstərir.
Bəs, görəsən, bu dəyişiklik əmək bazarında xarici dil müəllimlərinə tələbatın azalması, yoxsa başqa bir səbəblə bağlıdır?
Qəbul planında azalma qeyd olunan universitetlər siyahısında yer alan Xəzər Universitetindən sualımıza “Bəli, azalma var” - deyə məlumatı təsdiqlədilər: “Bununla bağlı açıqlamanı Dövlət İmtahan Mərkəzi (DİM) verib. Universitet özəl olsa da, qəbul DİM tərəfindən həyata keçirilir. Bütün qərarları onlar verir”.
Qəbul planında azalmanın səbəbi ilə bağlı DİM-dən sorğumuza isə “Plan yerlərinin sayını DİM müəyyən etmir” - cavabını aldıq: “DİM plan yerlərinin sayı ilə bağlı heç bir qərar vermir. Qurumun belə bir səlahiyyəti yoxdur. Bunu ali təhsil müəssisələrinin özləri müəllim ştatına, maddi-texniki bazalarına uyğun olaraq müəyyən edirlər. Biz Nazirlər Kabineti tərəfindən təsdiq olunan plan yerlərini dərc edirik və ora qəbul aparırıq. “Niyə artıb, niyə azalıb?” kimi səbəbləri biz müəyyən etmirik. DİM sadəcə, təsdiq olunmuş plan yeri əsasında tələbə qəbulu prosesini həyata keçirir”.
Bakı şəhər 135 nömrəli tam orta məktəbin direktoru Şəfa Qurbanovanın fikrincə, bu proses xarici dilə ehtiyacın azalması ilə bağlı deyil: “Bu, sadəcə, “kəmiyyətdən keyfiyyətə keçid” mərhələsidir. Müasir dünyada xarici dil biliklərinə tələbat nəinki azalmır, əksinə, beynəlxalq inteqrasiya və yeni təhsil standartları fonunda daha da artır. Məsələ müəllimə olan ehtiyacda deyil, əmək bazarına daxil olan kadrın hazırlıq səviyyəsindədir. Bu gün məktəbə sadəcə “diplomlu müəllim” deyil, müasir metodikaya hakim, funksional mütəxəssis lazımdır. Son illərdə bu ixtisas üzrə həddindən artıq kadr hazırlığı aparılıb və əmək bazarında keyfiyyət deyil, kəmiyyət bolluğu yaranıb. Məktəb rəhbəri kimi deyə bilərəm ki, bizə az saatla kifayətlənən beş zəif müəllim deyil, tam stavka ilə sinfə girən, şagirdə dili sevdirən və beynəlxalq standartlara cavab verən iki peşəkar müəllim lazımdır”. Direktorun fikrincə, bəzi universitetlərdə plan yerlərinin daha ciddi azalmasının səbəbi birbaşa ali təhsil müəssisələrinin təhsil keyfiyyəti, kadr hazırlığı imkanları və məzunların MİQ imtahanlarındakı göstəriciləri ilə bağlıdır.
Fransız dili müəllimi Gülnur Əliyevanın fikrincə, hazırda ingilis dili məktəblərdə daha çox tələb olunan dildir, fransız, alman və s. dillərə isə maraq azalıb: “Demək olar ki, bəzi məktəblərdə bu fənlərdən dərs deyən müəllimlər 7-8 saat üçün işləyirlər, halbuki çoxu sertifikasiyada 51+ bal toplayıblar. Bu da həmin dil müəllimlərinin iş saatının azalması deməkdir. Digər tərəfdən, məncə, əmək bazarında yetərincə müəllim var və vakant yerlər uğrunda da mübarizə aparılır. Balı daha üstün olanlar həmin yeri qazanır və digərləri yenə də məktəblərdə müəllim kimi fəaliyyət göstərə bilmirlər”. G.Əliyevanın fikrincə, bəzi universitetlər yetişdirdiyi kadrların iş tapa bilməməsindən narahat olaraq bu addımı atıblar: “Əgər bir ixtisası bitirib ondan istifadə edilməyəcəksə, diplom evdə bir küncdə qalacaqsa, elə həmin ixtisaslara əvvəldən plan yerlərinin daha az verilməsi məqsədəuyğundur”.
Azərbaycan Gənc Müəllimlər Assosiasiyasının Şəki–Zaqatala regionu üzrə filial rəhbəri, Gənc Xarici Dil Müəllimləri Birliyinin Qəbələ rayonu üzrə koordinatoru Fəridə Ağayevanın fikrincə, son illərdə xüsusilə ingilis dili müəllimliyi üzrə kifayət qədər kadr hazırlanıb və bu sahədə rəqabət yüksəkdir: “Lakin müəllim sayının çox olması bütün regionlarda ehtiyacın ödənilməsi demək deyil. Regionların ehtiyacı düzgün nəzərə alınmasa, gələcəkdə müəyyən ərazilərdə kadr çatışmazlığı riski yarana bilər. Kənd mühitində çalışan biri kimi düşünürəm ki, məsələ yalnız müəllim hazırlamaq deyil, yaxşı müəllimin regiona gəlməsini və orada fəaliyyətini davam etdirməsini də təmin etməkdir”. F.Ağayeva hesab edir ki, ingilis dili ilə müqayisədə alman və fransız dili müəllimlərinə tələbat daha məhduddur: “Bununla belə, bu dillər üzrə peşəkar kadr hazırlığının davam etməsi ölkəmizin çoxdilli təhsil imkanları və beynəlxalq əlaqələri baxımından əhəmiyyətlidir”.
Təhsil texnoloqu, dosent Şəmil Sadiqin fikrincə, məktəblərdə xarici dil müəllimlərinə real ehtiyac bütün xarici dillər və bölgələr üzrə eyni deyil: “İngilis dili daha geniş tədris olunduğuna görə, bu dil üzrə həm müəllimlərin, həm də müəllim olmaq istəyən namizədlərin sayı daha çoxdur. Buna görə də xüsusilə böyük şəhərlərdə ingilis dili müəllimliyi üzrə rəqabət yüksək ola bilər. Amma eyni sözü alman və fransız dili üçün rahatlıqla demək olmaz. Bu dillər üzrə həm tələbə, həm məzun, həm də müəllim sayı daha azdır. Bir sahədə kadr çoxluğu ola bilər, digərində isə bir neçə ildən sonra çatışmazlıq yarana bilər”. Ekspert hesab edir ki, gələcəkdə regionlarda müəllim çatışmazlığı yaranmaması üçün qəbul planı hazırlanarkən yalnız bugünkü vəziyyətə yox, ən azı qarşıdakı 4-5 ilə baxmaq daha düzgün olardı: “Çünki müəllim çatışmazlığı yalnız müəllimlərin ümumi sayı ilə bağlı deyil, onların ölkə daxilində necə bölüşdürülməsi ilə də bağlıdır. Plan yerini azaltmaq avtomatik olaraq təhsilin keyfiyyətini artırmır. Məncə, əsas məqsəd çox müəllim hazırlamaq yox, ehtiyac qədər və keyfiyyətli müəllim hazırlamaq olmalıdır. Bizcə, əsas sual “müəllim çoxdur, yoxsa azdır?” olmamalıdır”.
Mənbə: "Kaspi" qəzeti
Şərhlər