25 iyul 1956-cı gecə Atlantik okeanının ortasında sıx duman içində hərəkət edən iki sərnişin gəmisi bir-birinə doğru sürətlə yaxınlaşırdı. Hər iki gəminin radar vasitəsilə bir-birini aşkar etməsinə baxmayaraq, heyətlərin yol verdiyi səhv manevrlər dənizçilik tarixinin ən məşhur faciələrindən birinə səbəb oldu. “1950-ci illərin Titanik”i adlandırılan “Andrea Doria” toqquşmadan cəmi 11 saat sonra okeanın dibinə qərq oldu.
Qaynarinfo xəbər verir ki, 1956-cı ildə baş verən faciənin üzərindən 70 il keçib. Hadisənin nəticələri “Titanik” faciəsi qədər ağır olmasa da, qəzanın başvermə şəraiti, sərnişinlərin təxliyəsi və gəminin son saatları dənizçilik tarixinin ən diqqətçəkən hekayələrindən birini təşkil edir.
Lüksü ilə məşhur idi
İtaliyanın Genuya şəhərindəki “Ansaldo” gəmiqayırma zavodunda inşa edilən “Andrea Doria” 1951-ci ildə tamamlandı. Adını XVI əsrdə yaşamış genuyalı admiral Andrea Dorianın şərəfinə alan gəmi İtaliyanın “Italian Line” şirkəti tərəfindən Genuya-Nyu-York marşrutu üzrə istismar olunurdu.
214 metr uzunluğundakı gəmi dövrünün ən böyük sərnişin gəmilərindən kiçik olsa da, dəbdəbəli interyeri ilə diqqət çəkirdi. Gəminin dekorasiyasına və sənət kolleksiyasına 1 milyon dollardan çox vəsait xərclənmişdi.
“Andrea Doria”da üç açıq üzgüçülük hovuzu, təmtəraqlı salonlar, rəsmlər, heykəllər və lüks kabinlər var idi. Gəmi İkinci Dünya müharibəsindən sonra yenidən yüksəlişə başlayan İtaliyanın dənizlərdəki simvollarından biri hesab olunurdu.
Lakin dəbdəbəli görünüşünün arxasında mühüm zəiflik vardı. Gəminin ikiqat gövdəsi və 11 su keçirməyən bölməsi olmasına baxmayaraq, “Andrea Doria” ağır dəniz şəraitində yana əyilməyə meyilli idi.
İlk Nyu-York səfərində Nantaket yaxınlığında böyük dalğa ilə qarşılaşan gəmi 28 dərəcə əyilmişdi. Fövqəladə vəziyyətdə 15 dərəcəlik əyilmə xilasetmə qayıqlarının endirilməsini çətinləşdirə, 20 dərəcəlik əyilmə isə suyun bölmələrin üzərindən keçməsinə səbəb ola bilərdi.
Son səfər
“Andrea Doria” 51-ci transatlantik səfərinə 17 iyul 1956-cı ildə Genuyadan yola düşdü. Gəminin kapitanı uzun illər təcrübəsi olan Piero Kalamai idi.
Kann və Neapol limanlarına baş çəkdikdən və Cəbəllütariq boğazını keçdikdən sonra gəmidə 1 134 sərnişin və 572 ekipaj üzvü vardı. Sərnişinlər arasında Alfred Hiçkokun “Qatardakı yadlar” filmində rol alan aktrisa Rut Roman və məşhur mahnı müəllifi Mayk Stoller də yer alırdı.
“Andrea Doria” Atlantik okeanını keçərək Nyu-Yorka yaxınlaşarkən İsveç bayrağı altında üzən “MS Stockholm” də Manhettendən Göteborqa doğru hərəkət edirdi.
“Andrea Doria”dan daha kiçik və köhnə olan “Stockholm” Nantaket adasının cənubundan keçirdi. Vaxta qənaət etmək məqsədilə seçildiyi bildirilən bu marşrut Nyu-Yorkdan çıxan gəmini qarşı istiqamətdən gələn gəmilərin istifadə etdiyi hərəkət zolağına salmışdı.
Başqa sözlə, “Stockholm” dəniz nəqliyyatında sanki yolun yanlış tərəfində hərəkət edirdi.

Dumanın içində
25 iyul gecəsi “Stockholm” açıq havada hərəkət edərkən qarşısında sıx duman təbəqəsi vardı. “Andrea Doria” isə dumanın içində idi.
Görüş məsafəsinin azalması səbəbindən kapitan Kalamai gəminin sürətini azaltmış və duman siqnalını işə salmışdı. Buna baxmayaraq, “Andrea Doria” təxminən 22 düyün sürətlə hərəkət edirdi.
İki gəminin ümumi yaxınlaşma sürəti təxminən 40 düyünə çatırdı. Gəmilərin heyəti onları gözlə görə bilmirdi və yalnız radar vasitəsilə izləyirdi.
Radar məlumatlarının yanlış şərh edilməsi və kommunikasiya çatışmazlığı səbəbindən hər iki gəmi kursunu cənuba dəyişdi. Toqquşmadan yayınmaq üçün edilən manevrlər gəmiləri bir-birindən uzaqlaşdırmaq əvəzinə eyni nöqtəyə yönəltdi.
Heyətlər bir-birini gördükdə artıq çox gec idi.
Gəminin gövdəsini parçaladı
Saat 23:10-da “Stockholm”un buzlu sularda hərəkət üçün gücləndirilmiş iti burnu “Andrea Doria”nın sağ bortuna təxminən 90 dərəcə bucaq altında çırpıldı.
“Stockholm”un burnu İtaliya gəmisinin gövdəsinə təxminən 12 metr daxil oldu. Toqquşma nəticəsində beş yanacaq çəni dağıldı, generator bölməsi zədələndi və gəminin elektrik təchizatı kəsildi.
“Andrea Doria” cəmi bir neçə dəqiqə ərzində sağ tərəfə təxminən 20 dərəcə əyilməyə başladı.
İlk baxışda zədənin yalnız bir su keçirməyən bölməyə təsir etdiyi görünürdü. Lakin boş yanacaq çənlərinin sürətlə dəniz suyu ilə dolması gəminin tarazlığını pozdu. Əyilmənin artması su keçirməyən bölmələrin də funksiyasını itirməsinə səbəb oldu.
Kapitan Kalamai qısa müddətdə gəminin xilas edilməsinin mümkün olmadığını anladı. Toqquşmadan təxminən yarım saat sonra gəmini tərk etmək qərarı verildi. Lakin panikaya səbəb olmamaq üçün dərhal ümumi elan edilmədi.

Xilasetmə qayıqları endirilə bilmədi
“Andrea Doria”nın sürətlə yana əyilməsi təxliyə işlərini ciddi şəkildə çətinləşdirdi.
Gəminin sol tərəfindəki xilasetmə qayıqları havada qaldığı üçün suya endirilə bilmədi. Sağ tərəfdəki qayıqlardan isə əyilmiş gövdənin altında çətinliklə istifadə etmək mümkün idi.
Bəzi sərnişinlər ip nərdivanlar və torlar vasitəsilə aşağı düşməli oldular. “Andrea Doria”nın öz xilasetmə qayıqları ilə yalnız təxminən 200 nəfər xilas edilə bildi.
Lakin faciənin sıx istifadə olunan dəniz marşrutunda baş verməsi sərnişinlərin böyük hissəsinin sağ qalmasına imkan verdi. Təcili yardım siqnalını alan çoxsaylı gəmilər hadisə yerinə istiqamətləndi.
Amerikanın “Cape Ann” yük gəmisi və ABŞ Hərbi Dəniz Qüvvələrinə məxsus iki gəmi əraziyə çatdı. Xilasetmə əməliyyatında ən böyük rolu isə Fransanın sərnişin gəmisi “Île de France” oynadı.
753 nəfəri xilas etdi
“Île de France” toqquşma bölgəsindən təxminən 82 kilometr şərqdə yerləşirdi və Fransaya doğru hərəkət edirdi.
Gəminin kapitanı Raul de Bodean əvvəlcə “Andrea Doria” kimi yeni bir gəminin batmaq təhlükəsi ilə üzləşdiyinə inanmadı. Lakin vəziyyətin ciddiliyindən xəbər tutduqdan sonra istiqamətini dəyişdi.
“Île de France” təxminən üç saat sonra hadisə yerinə çatdı. Kapitan gəminin bütün işıqlarının yandırılmasını əmr etdi və qaranlıq dənizdə sərnişinlər üçün təhlükəsiz mühit yaratdı.
Fransız gəmisi “Andrea Doria”dan xilas edilən 753 nəfəri göyərtəsinə götürdü. “Titanik” faciəsində köməyə gələn “Carpathia” kimi, “Île de France” da “Andrea Doria” qəzasının xilaskar gəmisinə çevrildi.
Zədələnmiş “Stockholm” da batmadı. Burnu tamamilə dağılsa da, sərnişinlərini və xilas etdiyi qəza qurbanlarını Nyu-Yorka çatdırmağı bacardı.

Okeanın dibinə qərq oldu
Təxliyə başa çatdıqdan sonra kapitan Kalamai iyulun 26-da səhər saat 06:00 radələrində “Andrea Doria”nı tərk etdi.
Gəmi saat 09:45-də batmağa başladı. Sağ tərəfi suya qərq olan “Andrea Doria” saat 10:09-da tamamilə gözdən itdi.
Gəminin son anları qəzanı yüngül təyyarədən lentə alan “Boston Traveler” qəzetinin fotoqrafı Harri A. Trask tərəfindən qeydə alındı. “Andrea Doria”nın okeana qərq olduğu anı göstərən foto 1957-ci ildə Pulitser mükafatına layiq görüldü.
Faciə nəticəsində “Andrea Doria”nın 46 sərnişini və “Stockholm”un beş ekipaj üzvü olmaqla ümumilikdə 51 nəfər həlak oldu. Ölənlərin əksəriyyəti toqquşma zamanı həyatını itirmişdi.
“Andrea Doria”nın qalıqları arasında qalan qurbanların heç birinə çatmaq mümkün olmadı.
Ailələr bir-birindən ayrıldı
Təxliyə zamanı eyni ailənin üzvlərinin müxtəlif xilasetmə gəmilərinə yerləşdirilməsi Nyu-York limanında böyük qarışıqlığa səbəb oldu.
Aktrisa Rut Roman da üç yaşlı oğlu Riçarddan ayrı düşmüşdü. Roman başqa bir gəmi ilə Nyu-Yorka çatarkən oğlunun sağ olub-olmadığını bilmirdi.
İllər əvvəl çəkilmiş bir filmdə övladının təyyarə qəzasından sağ çıxıb-çıxmadığını öyrənməyə çalışan ananı canlandıran aktrisa bu dəfə eyni qorxunu real həyatda yaşadı. Oğlu daha sonra başqa bir xilasetmə gəmisində tapıldı.
“Andrea Doria”nın kapitanı Piero Kalamai isə qəzadan sonra bir daha heç bir gəminin komandanlığını üzərinə götürmədi. Böyük sarsıntı yaşayan Kalamainin 1972-ci ildə ölümündən əvvəl söylədiyi son sözlərin “Bütün sərnişinlər təhlükəsizdirmi?” olduğu bildirilir.

Hər iki tərəf günahkar idi
Qəzadan sonra İtaliya və İsveç şirkətləri bir-birini günahlandırdı. “Stockholm”un tövsiyə edilən marşrutdan kənara çıxdığı və qarşı istiqamətdə hərəkət edən gəmilərin zolağına daxil olduğu bildirildi.
Bunun əksinə, “Andrea Doria”nın sıx duman şəraitində təhlükəsiz hesab edilməyəcək qədər yüksək sürətlə hərəkət etdiyi və radar məlumatlarının yanlış şərh olunduğu vurğulandı.
Tərəflər məhkəməyə müraciət etmək əvəzinə gizli razılaşmaya getdilər. Beləliklə, qəzanın məsuliyyəti rəsmi olaraq yalnız bir gəminin üzərinə qoyulmadı. Ümumi qiymətləndirməyə görə, faciədə hər iki gəminin heyətinin payı vardı.
“Stockholm” təmir edilərək yenidən istismara qaytarıldı, daha sonra müxtəlif şirkətlərə satıldı və dəfələrlə adını dəyişdi. Gəmi 1993-cü ildə “Andrea Doria”nın inşa edildiyi Genuyaya çatdıqda İtaliya mətbuatı onu “ölüm gəmisi” adlandırdı.

Qəza yeri bu gün də can alır
“Andrea Doria”nın qalıqları hazırda Nantaket adasının yaxınlığında, təxminən 49 metr dərinlikdə yerləşir.
Bu dərinlik təcrübəli dalğıcların batmış gəmiyə çatmasına imkan versə də, güclü axınlar, zəif görünüş, balıq torları və getdikcə dağılan metal konstruksiya dalışı son dərəcə təhlükəli edir.
“Andrea Doria” illər ərzində çoxsaylı sualtı tədqiqatçılarını özünə cəlb edib. Lakin gəminin batmasından sonra qalıqlarına çatmağa çalışan ən azı 22 dalğıc həyatını itirib.
Beləliklə, 1956-cı ildə 51 nəfərin ölümünə səbəb olan gəmi okeanın dibinə qərq olduqdan onilliklər sonra belə insan həyatına son qoymağa davam edir.
Aydın
Şərhlər