XƏBƏR LENTİ

Şərhlər

Xəbər lenti

Panettierinin anası son söhbətləri zamanı ona nə deyib? - Səmimi etiraf
Dünya15:30 25.08.2026

Panettierinin anası son söhbətləri zamanı ona nə deyib? - Səmimi etiraf

Amerikalı aktrisa Heyden Panettierinin anası Lesli Fogel son telefon danışığı zamanı qızına onun zorakı sevgilisi Brayan Hikersonla bağlı şərt qoyub.

Qaynsrinfo xəbər verir ki, Fogel bu barədə “Good Morning America” layihəsinə açıqlamasında danışıb.

Lesli Fogel bildirib ki, qızına Hikersonla münasibətini davam etdirəcəyi təqdirdə onunla əlaqə saxlaya bilməyəcəyini deyib. Onun sözlərinə görə, bu qərarı psixoterapevtinin məsləhəti ilə qəbul edib:

“Buna ehtiyacım var idi... Əlbəttə, bunun sadəcə qısa bir fasilə olacağını düşünürdüm. Heç bir halda Heydenin başına belə bir şey gələcəyini düşünmürdüm. Bilmirəm, niyə. Sadəcə bunu ağlıma gətirməmişdim. O, Brayanın zəhərli insan olduğunu bilirdi. Onu tərk etməli olduğunu bilirdi".

Fogelin sözlərinə görə, təxminən bir il əvvəl Heyden Hikersonla münasibətini birdəfəlik bitirmək istəyib. Lakin bir müddət sonra anasından uzaqlaşıb və yenidən onunla münasibət qurub.

“Zəng edib "Sevdiyim insanla birlikdə olacağam" deyəndə özümü itirdim. Onun başına gətirdiklərindən sonra Brayanın onu yenidən özünə qaytarmağına inana bilmirdim”, deyə Fogel bildirib.

Panettieri ilə münasibətdə olduğu dövrdə Hikerson bir neçə dəfə həbs edilib. O, 2019 və 2020-ci illərdə məişət zorakılığında ittiham olunub.

Qeyd edək ki, “Qəhrəmanlar” və “Neşvill” seriallarının ulduzu Heyden Panettyeri avqustun 10-da 36 yaşında vəfat edib. Aktrisanın ailəsi onun ölüm səbəbini açıqlamayıb.

Panettyeri karyerasına hələ uşaq yaşlarında başlayıb. Ona dünya şöhrəti fantastik “Qəhrəmanlar” serialında Kler Bennet rolu gətirib. Daha sonra aktrisa “Neşvill” musiqili dramında Cülyett Barns obrazını canlandırıb və bu roluna görə iki dəfə “Qızıl qlobus” mükafatına namizəd olub. O, həmçinin “Titanları xatırlayaraq” və “Qışqırıq” filmlərində rol alıb.

O, aktyorluq karyerası ilə yanaşı, uzun illər ukraynalı boksçu Vladimir Kliçko ilə münasibətləri səbəbindən də diqqət mərkəzində olub. Cütlük 2009-cu ildə münasibətə başlayıb. Ayrılıq və barışıqdan sonra 2013-cü ildə nişanlandıqlarını elan ediblər.

2014-cü ilin dekabrında Panettyeri və Kliçkonun Kaya Yevdokiya adlı qızı dünyaya gəlib. Doğuşdan sonra aktrisa doğuşdan sonrakı depressiya və asılılıq problemləri ilə üzləşib. 2018-ci ildə cütlük nişanı birdəfəlik pozub, qızlarının əsas qəyyumluğu isə Kliçkoya keçib.

Panettyeri son illərdə asılılıq və psixi sağlamlıq problemləri ilə mübarizə təcrübəsindən danışıb. O, reabilitasiya keçib və tədricən kino və televiziya sahəsində fəaliyyətini bərpa edib.

2026-cı ildə aktrisa uşaqlıq şöhrəti, analıq, asılılıq, şəxsi itkiləri və həyatının çətin dövrlərindən bəhs etdiyi avtobioqrafik memuarlarını da nəşr etdirib.

Aydın