Xəbər lenti

Kamal Abdulla, Nailə Vəlixanlı və Ayaz Salayevdən məktəbli formasına dəstək
Ölkə14:00 14.10.2026

Kamal Abdulla, Nailə Vəlixanlı və Ayaz Salayevdən məktəbli formasına dəstək

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Azərbaycan Dillər Universitetinin rektoru, Xalq yazıçısı, akademik Kamal Abdulla Azərbaycan məktəblərində vahid məktəbli forması ilə bağlı məsələyə münasibət bildirib.

Kamal Abdulla Qaynarinfo-ya açıqlamasında vahid məktəbli forması ilə bağlı hökumətin siyasətini dəstəklədiyini bildirib.

"Hökumətimiz hansı qərarı qəbul edəcəksə, mən də rektor kimi həmin qərarı həyata keçirəcəyəm", deyə o qeyd edib.

Milli Azərbaycan Tarixi Muzeyinin direktoru, akademik Nailə Vəlixanlı da vahid məktəbli formasının tərəfdarı olduğunu vurğulayıb. Onun sözlərinə görə, vahid forma şagirdlərin məktəb həyatının vacib elementlərindən biridir.

"Mən vahid məktəbli formasının tətbiqinin tərəfdarıyam. Düşünürəm ki, vahid forma məktəbli üçün ən vacib şərtlərdən biridir. Şagird bu formanı geyinəndə məktəbə getdiyini anlayır. Sevinir ki, dərsə gedir. Məktəblərdə mütləq vahid forma tətbiq edilməlidir", deyə Nailə Vəlixanlı bildirib.

Əməkdar incəsənət xadimi, kinoşünas Ayaz Salayev isə hicabla bağlı müzakirələrin daha geniş məna daşıdığını düşünür. O, Azərbaycanın hazırda Qərblə Şərq arasında seçim mərhələsində olduğunu vurğulayıb.

"Əslində, bu, hicab məsələsi deyil, şüuraltı mübahisələr gedir. Yəni, "Azərbaycan hansı yolla gedəcək?" məsələsidir. Müstəqilliyimizin ilk 10 illiyi ərəfəsində bizim milli ideyamız var idi. Bu ideyanın adı Qarabağ idi. Şükür Allaha, Qarabağı azad etmişik. Hazırda yeni bir ideologiyanın formalaşması prosesi gedir və biz öz seçimimizi etməliyik. Bu proses də onun ifadəsidir", deyə Ayaz Salayev bildirib.

Bahar Rüstəmli