Xəbər lenti

Musa Musayev: "Heç bir xarici təsir Azərbaycanı yolundan döndərə bilməz"
Siyasət15:56 14.10.2026

Musa Musayev: "Heç bir xarici təsir Azərbaycanı yolundan döndərə bilməz"

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Son günlər hicabla bağlı müzakirələr və Türkiyədə Azərbaycanın diplomatik nümayəndəlikləri qarşısında keçirilən aksiyalar ictimai gündəmdə geniş müzakirələrə səbəb olub.

Naftalanın keçmiş icra başçısı, sabiq deputat, Musa Musayev mövzu ilə bağlı Qaynarinfo-ya açıqlamasında Azərbaycan-Türkiyə münasibətlərinin sarsılmaz olduğunu vurğulayıb, bəzi qüvvələrin iki ölkə arasında gərginlik yaratmaq cəhdlərinə diqqət çəkib.

Musa Musayev bildirib ki, Azərbaycan heç bir dövlətin daxili işlərinə qarışmadığı kimi, öz daxili işlərinə də kənardan müdaxiləyə imkan verməyəcək.

"Biz heç kimin daxili işlərinə qarışmırıq, imkanda vermərik ki, kimsə də bizim daxili işlərimizə qarışsın. Azərbaycan suveren, müstəqil və qalib dövlət kimi bütün qonşu dövlətlərlə qonşuluq, sülh, dostluq şəraitində öz inkişaf yolundadır”, deyə sabiq icra başçısı qeyd edib.

Onun sözlərinə görə, işğal altındakı torpaqların azad edilməsindən sonra bəzi dövlətlərin Azərbaycana münasibətində qısqanclıq hiss olunur. Musa Musayev Türkiyədə Azərbaycanın Ankaradakı səfirliyi və İstanbulda yerləşən konsulluğu qarşısında keçirilən aksiyalara da münasibət bildirib.

"Türkiyədə son günlər İstanbulda konsulluğumuzun və Ankaradakı səfirliyimizin qarşısına toplaşan başıpozuq dəstələr nə bizi, nə də Türkiyəni istəyən adamlar deyillər. Onların nə istədikləri də bəlli deyil və səsləndirdikləri şüarların qardaş türklərə heç bir aidiyyəti yoxdur”, deyə o bildirib.

Sabiq deputat Azərbaycan-Türkiyə qardaşlığının tarixi köklərinə toxunaraq Mustafa Kamal Atatürkün “Azərbaycanın sevinci bizim sevincimiz, kədəri bizim kədərimizdir” fikrini, eləcə də Heydər Əliyevin “Bir millət, iki dövlət” prinsipini xatırladıb:

“100 illik tarixi olan bu kəlamlar bu gün də belədir və gələcəkdə də belə olacaq. Heç bir dövlət və heç bir millət Azərbaycan-Türkiyə qardaşlığına kölgə sala bilməz".

Musa Musayev bildirib ki, Azərbaycan öz siyasətini müstəqil şəkildə müəyyənləşdirir və xarici təsirlərin ölkəni seçdiyi inkişaf yolundan döndərməsinə imkan verməyəcək.

"Azərbaycanın tutduğu yol haqq yoludur və nəyi, nə zaman, necə etmək lazım olduğunu çox yaxşı bilir. Heç bir xarici təsir bizi öz yolumuzdan döndərə bilməz. Hərə öz işi ilə məşğul olmalıdır", deyə sabiq icra başçısı bildirib.

Musa Musayev açıqlamasının sonunda Azərbaycan-Türkiyə dostluğunun şəxsi münasibətlərdə də xüsusi yer tutduğunu vurğulayıb və bu qardaşlığa heç kimin xələl gətirə bilməyəcəyini qeyd edib.

Aydın