Foto 10:35 20.10.2023

"Azərişıq" türkdilli dövlətlərin energetiklərini Hadrutda topladı (FOTOLAR)

"Azərişıq" ASC-nin Hadrutda təşkil etdiyi Ümummilli lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş Türkdilli dövlətlərin gənc energetikləri arasında "Paylayıcı Şəbəkələrin Rəqəmsal Transformasiyası" I Beynəlxalq Peşə Ustalığı Yarışması keçirilib.

Tədbirə Azərbaycanla yanaşı Qazaxıstan, Qırğızıstan, Tatarıstan, Türkiyə və Özbəkistandan energetiklərdən ibarət komandalar qatılıb. Qardaş ölkə Türkiyədən iki komanda "Uludağ” və "Başkənt" yarışlarda iştirak edib. 

Yarış iştirakçıları ilk olaraq Fəxri Xiyabanda Ümummilli Lider Heydər Əliyevin məzarını ziyarət ediblər.
Tədbir iştirakçıları daha sonra açılış mərasimində iştirak etmək üçün Hadruta yola düşüblər.

Yarışlardan əvvəl iştirakçı ölkələri təmsil edən nümayəndə və yerli energetiklərin iştirakı ilə Hadrutda dəyirmi masa keçirilib. Azərenerji və "Azərişıq” ASC-nin işğaldan azad edilimiş ərazilərdə elektroenergetika sahəsində tətbiq etdiyi innovativ yeniliklər və Türkdilli ölkələrin energetikləri arasında gələcək əməkdaşlıqla bağlı fikir mübadiləsi aparılıb.

Açılış mərasiminə Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə start verildi. Daha sonra dövlət başçısı İlham Əliyevin tapşırıqları əsasında "Azərişıq" ASC tərəfindən işğaldan azad olunmuş ərazilərimizdə görülən yenidənqurma işləri haqda məlumat verilib. Həmçinin Umummilli lider Heydər Əliyevin Azərbaycanın enektroenergetikasının inkişafındakı müstəsna rolundan bəhs edən film nümayiş etdirilib. Rəsmi hissə başa çatdıqdan sonra gənc energetiklər arasında I Beynəlxalq Peşə Ustalığı Yarışmasına start verilib.

Yarışların ilk günündə elektroenergetikanın tarixi, inkişafı və müasir vəziyyəti mövzusunda tərtib olunan intellektual suallar cavablandırılıb. İntekllektual yarışma başa çatdıqdan sonra xarici qonaqlar istifadəyə verilən Hadrut Qovşaq Yarımstansiyası və Rəqəmsal İdarəetmə Mərkəzi ilə tanış olublar. Tədbir iştirakçılarına ən müasir avadanlıqlarla təchiz edilən Mərkəz haqda ətraflı məlumat verilib.
 
Ümummilli lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş Türkdilli dövlətlərin gənc energetikləri arasında "Paylayıcı Şəbəkələrin Rəqəmsal Transformasiyası” I Beynəlxalq Peşə Ustalığı Yarışmasının ikinci günündə iştirakçılar peşə bacarıqlarını nümayiş etdiriblər. Qalib iştirakçılar müxtəlif nominasiyalar üzrə kubok və diplomla mükafatlandırılıb. 

Onu da qeyd edək ki, Tatarıstan Elektrik Şəbəkələr Şirkətinin baş direktoru İlşat Fardiyevin təklifi ilə Beynəlxalq Peşə Ustalığı Yarışması növbəti il Tatarıstanda təşkil olunacaq.