
Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsində yerləşən “Meyvəli” Ticarət Mərkəzində 33 kisə fındıq oğurlamaqda təqsirləndirilən iki şəxs barəsində məhkəmə hökmü çıxarılıb.
Qaynarinfo xəbər verir ki, iş materiallarına görə, hadisə 2026-cı ildə, gecə saat 23 radələrində baş verib. Ticarət mərkəzində arabaçı işləyən iki tanış pul vəsaitlərinin olmadığını əsas gətirərək oğurluq etmək qərarına gəliblər.
Onlar “Güllük” adlanan ərazidə saxlanılan, zərərçəkmiş şəxsə məxsus fındıqları ələ keçirmək üçün əvvəlcədən razılaşıblar. Təqsirləndirilən şəxslərdən biri yükdaşıma xidmətinə zəng edərək “Ford Transit” markalı avtomobil sifariş edib. Avtomobil əraziyə çatdıqdan sonra hər iki şəxs hər birində 22 kiloqram fındıq olan 33 kisəni nəqliyyat vasitəsinə yükləyərək oradan uzaqlaşıblar.
Oğurlanmış məhsulun ümumi çəkisi 726 kiloqram, dəyəri isə 5 372,40 manat olub. Fındığın bir kiloqramı 7 manat 40 qəpiyə qiymətləndirilib.
Təqsirləndirilən şəxslərdən biri oğurlanmış məhsulları Qaradağ rayonunun Korgöz qəsəbəsində yaşadığı evin həyətindəki tikiliyə apararaq orada saxlayıb. Daha sonra polis əməkdaşları onun evinə gəlib və o, fındıqları onlara təhvil verib. Hadisənin ticarət mərkəzindəki müşahidə kameraları vasitəsilə qeydə alındığı da məhkəmə materiallarında əksini tapıb.
Məhkəmədə dindirilən hər iki təqsirləndirilən şəxs ittihamı qəbul edib. Onlardan biri hadisə zamanı sərxoş olduğunu, yükdaşıma xidmətini özü sifariş etdiyini və fındıqları evində saxladığını bildirib. O, cinayət əməlini etiraf etdiyini, zərərçəkmiş şəxslə barışdığını və dəymiş ziyanın tam ödənildiyini deyərək yüngül cəza istəyib.
Digər təqsirləndirilən şəxs isə əvvəllər məhkum olunduğunu və 2025-ci ilin noyabrında azadlığa çıxdığını qeyd edib. Onun sözlərinə görə, 2026-cı ilin iyununda Bakı şəhərinin Nəsimi Rayon Məhkəməsinin hökmü ilə 2 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. O da törətdiyi əməldən peşman olduğunu və zərərçəkmiş şəxslə barışdığını bildirib.
Zərərçəkmiş şəxs məhkəmədə ifadəsində fındıqları Qəbələ rayonundan borc əsasında aldığını və satış məqsədilə “Meyvəli” Ticarət Mərkəzinə gətirdiyini deyib. O, məhsulların yoxa çıxdığını səhər saatlarında aşkar etdikdən sonra polisə müraciət edib. Zərərçəkmiş şəxsə dəymiş ziyanın tam ödənildiyi, tərəflərin barışdığı və onun təqsirləndirilən şəxslərə qarşı şikayət və tələbinin olmadığı bildirilib.
Məhkəmənin hökmü ilə hər iki şəxs Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.4-cü maddələri (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən və xeyli miqdarda ziyan vurmaqla törədilən oğurluq) ilə təqsirli bilinib.
Təqsirləndirilən şəxslərdən birinə 2 il 6 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası verilib. Onun tutulduğu 2 gün müddət 4 gün azadlığın məhdudlaşdırılması cəzasına bərabər tutulub və nəticədə qəti cəza 2 il 5 ay 26 gün müəyyən edilib.
Digər təqsirləndirilən şəxs isə 2 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilib. Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə (cinayətlərin məcmusu üzrə cəzaların təyin edilməsi) əsasən, hazırkı cəza əvvəlki hökmlə təyin edilmiş 2 il 6 aylıq azadlıqdan məhrumetmə cəzası ilə qismən birləşdirilib. Beləliklə, ona qəti olaraq 3 il 3 ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilib.
Seyid