
2026-cı ilin yanvar-sentyabr aylarında Azərbaycanda 102 milyard manatlıq ümumi daxili məhsul (ÜDM) istehsal edilib. Ötən ilin eyni dövrü ilə müqayisədə ÜDM real ifadədə 1,5 faiz artıb. Hesabat dövründə neft-qaz sektorunda əlavə dəyər istehsalı 1,2 faiz azalıb, qeyri-neft-qaz sektorunda isə 2,6 faiz artım qeydə alınıb.
Bəs bu göstəricilər iqtisadiyyatın real vəziyyəti barədə nə deyir? Qeyri-neft sektorundakı artım Azərbaycanın neftdən asılılığını azaltmaq üçün kifayət edirmi?
İqtisadçı Rauf Qarayev Qaynarinfo-ya açıqlamasında bildirib ki, ÜDM-in artım tempi iqtisadiyyatın tənəzzüldə olmadığını göstərsə də, kifayət qədər zəifdir:
“ÜDM-in real ifadədə 1.5% artması iqtisadiyyatın tənəzzüldə olmadığını, lakin artım sürətinin kifayət qədər zəif olduğunu göstərir. Bu temp lazımı hədəflərdən aşağıdır. Neft-qaz hasilatının təbii olaraq azalması ümumi iqtisadi artıma birbaşa mənfi təsir göstərir”.

İqtisadçı qeyd edib ki, hazırkı dövrdə iqtisadi artımın əsas mənbəyi qeyri-neft sektorudur:
“Əsas güc qeyri-neft sektoru düşür. Bu, tikinti, kənd təsərrüfatı, nəqliyyat, turizm və digər xidmət sahələrində aktivliyin davam etdiyini göstərir”.
Rauf Qarayevin fikrincə, qeyri-neft sektorunda 2,6 faizlik artım müsbət göstərici olsa da, iqtisadiyyatın neftdən struktur asılılığını köklü şəkildə dəyişmək üçün yetərli deyil. O, bunun bir neçə səbəbi olduğunu vurğulayıb:
“2.6%-lik artım müsbət meyil olsa da, iqtisadiyyatın neftdən struktur asılılığını köklü şəkildə dəyişmək üçün aşağıdakı səbəblərə görə yetərli sayılmır:
-Neft hasilatının azaldığı bir dövrdə iqtisadiyyatın ümumi həcmini və rifahı sürətlə artırmaq üçün qeyri-neft sektorunda ən azı 5-7%-lik illik artım tələb olunur.
-Azərbaycanın ümumi ixracının hələ də təxminən 85-90%-ə yaxını neft, qaz və neft-kimya məhsullarının payına düşür. Qeyri-neft ixracı artsa da, ümumi valyuta daxilolmalarında əsas payı əvəz edə bilmir.
-Dövlət büdcəsinin gəlirlərinin böyük hissəsi birbaşa və ya dolayısı ilə (ARDNF-dən transfertlər və neft şirkətlərinin vergiləri) neft-qaz sektorundan formalaşır.
-Qeyri-neft sektorundakı bir çox sahələrin (məsələn, tikinti, infrastruktur, dövlət satınalmaları) inkişafı birbaşa dövlət xərclərindən asılıdır. Dövlət xərclərinin mənbəyi isə neft gəlirləridir. Yəni qeyri-neft sektorunun özü də dolayısı ilə neft dollarları ilə qidalanır”.
Günay İlqarqızı