
Oktyabrın 17-də Fransada ümumölkə tətili keçiriləcək.
Qaynarinfo yerli mediaya istinadən xəbər verir ki, aksiyada “sarı jiletlilər” hərəkatının keçmiş iştirakçıları, taksi və yük maşını sürücüləri, tibb işçiləri, inşaatçılar, yanğınsöndürənlər, pilotlar və stüardessalar, ekoloqlar, zibil yığanlar, pensiyaçılar və dövlət qulluqçuları iştirak edəcəklər. Sentyabrın ortalarında aksiyalara başlayan məktəblilər, tələbələr və müəllimlər də etirazlarını davam etdirəcəklər.
Küçələrə 140 mindən çox insanın çıxacağı gözlənilir. Ölkə üzrə 250–300 məkanda tədbirlərin keçirilməsi planlaşdırılır. Etirazçıların əsas tələbləri yaşayış xərclərinin və yanacağın qiymətinin artması, sosial müavinətlər və dövlət qulluqçularının əməkhaqları ilə bağlıdır.
Tətili bəzi həmkarlar ittifaqları və siyasi qüvvələr, o cümlədən “Tabe olmayan Fransa” hərəkatı və Kommunist Partiyası (PCF) dəstəkləyir. Sosialist Partiyası (PS) daha təmkinli mövqe tutaraq tətil iştirakçılarının yanında olacağını bildirib. “Respublikaçılar” partiyası (LR) etirazçıların narazılığını anladığını ifadə etsə də, zorakılıqdan çəkinməyə çağırıb. Sağçı “Milli birlik” partiyası (RN) isə aksiyadan uzaq durur.
Fransanın ən böyük həmkarlar ittifaqı olan Ümumi Əmək Konfederasiyası (CGT) mövcud şəraitin imkan verdiyi bütün yerlərdə səfərbərliyə qoşulacağını açıqlayıb. Konfederasiya etirazların ölkədəki qəzəbin miqyasını əks etdirəcəyini vurğulayıb. Fermer həmkarlar ittifaqları isə kənd təsərrüfatı işlərinin qızğın dövründə olması səbəbindən tətilə qismən qoşulacaqlarını bildiriblər.
Aksiyalar hakimiyyət orqanlarının ciddi nəzarəti altında keçiriləcək. Daxili işlər naziri Loran Nünez bir gün əvvəl bildirib ki, polisə zorakılığın qarşısını almaq üçün, o cümlədən səs-küy və işıq effekti yaradan qumbaralardan istifadə etməklə, bütün məcburetmə vasitələrini tətbiq etməyə icazə verilib.
Hökumət aqressiv düşüncəli etirazçı qruplarının iştirakı ilə toqquşmaların baş verə biləcəyi barədə xəbərdarlıq edib. Həmçinin Parisdə nümayişlərin marşrutlarına məhdudiyyətlər tətbiq edilməsi imkanları nəzərdən keçirilir.
Aydın