Xəbər lenti

Bakıda daha bir ərazidə sürüşmə təhlükəsi (VİDEO)
Video 23:55 27.04.2026

Bakıda daha bir ərazidə sürüşmə təhlükəsi (VİDEO)

Parçalanaraq yerə tökülən qaya parçaları...Məhv olan ağaclar, tarazlığını itirən ərazi...

Bakıda daha bir ərazidə sürüşmə təhlükəsi yaranıb.

Sakinlər bildirirlər ki, buradakı təhlükəli vəziyyət uzun müddətdir davam edir. Ərazidə inşa olunmuş evlər üçün sürüşmə təhlükəsi var. Evlərdən biri üçün isə təhlükə daha ciddidir. Hətta bir dəfə sakinlərin müraciətindən sonra ərazidə bəndləmə işləri aparılıb.

Bundan sonra vəziyyət bir müddət stabilləşsə də, son günlərdə ərazidəki sürüşmə yenidən aktivləşib:

Problemlə bağlı Nizami rayonu icra hakimiyyətindən bildirildi ki, intensiv yağan yağışlardan sonra Elşən Süleymanov küçəsi 137/1 ünvanında torpaq qatının dayanıqlığı pozulub və sözügedən ərazidə uzun illər öncə inşa olunmuş fərdi yaşayış evləri üçün sürüşmə təhlükəsi yaranıb. Bununla əlaqədar olaraq, Fövqəladə Hallar Nazirliyinə müvafiq məktubla müraciət olunub. İcra Hakimiyyətindən o da qeyd edilib ki, ərazidə daha təhlükəli vəziyyətdə olan fərdi yaşayış evi uzun illər öncə özbaşına qanunsuz tikilib və heç bir sənədi yoxdur.

Fövqəladə Hallar Nazirliyindən isə bildirildi ki, sözügedən ünvanda yerləşən fərdi yaşayış evinə nazirliyin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin mütəxəssisləri tərəfindən baxış keçirilib və müəyyən edilib ki, qeyd olunan ev inşaat norma və qaydalarının tələbləri pozulmaqla kəskin relyefli sahədə inşa edilib. Məsələ ilə bağlı aidiyyəti qurumlar məlumatlandırılıb.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir. 

--> -->