
Bakıda süpürgəçi qadını avtomobillə vurduqdan sonra hadisə yerindən qaçan G.H. məhkəmənin hökmü ilə 11 ay 24 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilib.
Qaynarinfo xəbər verir ki, 1983-cü ildə Bakı şəhərində anadan olan G.H. 2025-ci ildə səhər saatlarında qızını məktəbə apararkən idarə etdiyi “BYD” markalı avtomobillə Nizami rayonu, Heydər Əliyev prospektinin 181 ünvanının yaxınlığında yolu süpürən qadını vurub.
Nəticədə qadının sağ dirsək oynağının bağları zədələnib, qolu 24 gün gipsdə qalıb. Ekspertiza xəsarəti sağlamlığa az ağır zərər kimi qiymətləndirib. İttihama görə, sürücü qadına yardım göstərmədən və müvafiq orqanlara məlumat vermədən hadisə yerindən uzaqlaşıb.
Məhkəmədə G.H. bildirib ki, avtomobilin sağ yan güzgüsünün qadının əlindəki süpürgənin taxta hissəsinə dəydiyini düşünüb. Geriyə baxanda qadını ayaq üstə gördüyü üçün onun xəsarət aldığını anlamadığını deyib.
Zərərçəkmiş qadın isə avtomobilin qoluna dəydiyini və sürücünün dayanmadığını bildirib. Sonradan dəymiş ziyanı tam ödəyən G.H. qadınla barışıb. Zərərçəkmişin sürücüdən şikayəti və tələbi olmayıb.
Məhkəmə G.H.-ni Cinayət Məcəlləsinin 264-cü maddəsi ilə təqsirli bilib. Onun zərərçəkmişlə barışmasını, dəymiş ziyanı ödəməsini və himayəsində azyaşlı uşağının olmasını cəzanı yüngülləşdirən hallar kimi nəzərə alıb.
Hökmə əsasən, G.H. 1 il müddətinə sürücülük hüququndan məhrum edilməklə 1 il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilib. Tutulduğu 3 gün nəzərə alınaraq, qəti cəza 11 ay 24 gün müəyyən olunub.
Aydın