Bakıda evdən 1.6 milyon manat dəyərində oğurluq edən Məmişov Seymur, əkiz qardaşı Məmişov Teymur və onların dayısı oğlu Rzayev Vüsalın məhkəmə prosesi başa çatıb.
Xitab24.az-ın əldə etdiyi məlumata görə, zərərçəkmiş şəxs qismində Teymurla Seymurun doğma xalası Gülnarə Rzayeva tanınıb.
Məlumata görə, pulları oğurlanan qadın Bakı Dövlət Universitetində müəllim kimi fəaliyyət göstərib.
Hadisəyə gəlincə, cinayətkar qruplaşma oğurluğa gedərkən "Volt” çatdırlma şirkətininin kuryerlər üçün nəzərdə tutulan geyimlərindən istifadə edib. Bu geyimi əldə edən təqsirləndirilən şəxslər kuryer maskası altında gizlənib.
Evə daxil olan qruplaşma üzvləri özləri ilə gətirdiyi alətlə dəmir seyfi kəsməyi bacarıb və saxlanc yerində olan 821 000 dolları ( Hadisə baş verən günün məzənnəsi ilə 1.395.700 manat-red) və 205.000 manatı oğurlayaraq, ümumilikdə zərərçəkənə 1,6 milyon manat ziyan vurublar. Bundan başqa, pulla yanaşı, oğurlananlar arasında dəyəri 7100 manat olan qızıl imza döş nişanı və qızıl sikkə də olub.
Maraqlıdır ki, xalasının evindən oğurluq edən şəxslər mənzili tərk edərkən Gülnarə Rzayevaya kağıza yazaraq mesaj da buraxıblar:
"Polisә xәbәr vermә, yoxsa kimin adamı olduğunuzu sosial şәbәkәlәrdә paylaşacam”.
Təqsiriləndirilən şəxslər bu cümləni nəyin əsasında yazdıqlarını bilmədiyini deyiblər. Onlar sadəcə, Gülnarə Rzayevanı polisə xəbər verməkdən çəkindirmək üçün o anda ağıllarına gələn cümləni kağıza qeyd etdiyini söyləyiblər.
Buna baxmayaraq, cinayətkar qruplaşma üzvləri polisin keçirdiyi əməliyyat nəticəsində saxlanılaraq məsuliyyətə cəlb olunub.
Məhkəmədə zərərçəkmiş şəxs qismində ifadə verən Gülnarə Rzayeva oğurlanan pulların onun özünə məxsus olduğunu bildirib. Qadına vurulmuş ziyanın böyük bir qismi ona qaytarılsa da, 193 000 manat ödənilməyib.
O, bacısı oğullarından şikayətçi olmadığını, qohum olduğuna görə onları bağışladığını, ödәnilmәyәn hissәsədən də tәqsirlәndirilәn şәxslәrlә aralarındakı qohumluq münasibәtinә görә itmina etdiyini bildirib.
Məhkəmənin hökmünə əsasən, külli miqdarda oğurluqda ittiham olunan qohumların hər biri 10 il müddətinə azadlıqdan məhrum edilb.
Şərhlər