"Google", "Uber" və "The New York Times" şirkətlərində 10 il işləmiş keçmiş işə qəbul mütəxəssisi Fara Şarqi iş müsahibəsi zamanı namizədlərin verə biləcəyi ən təsirli sualı açıqlayıb.
Qaynarinfo xəbər verir ki, Şarqi bu barədə "CNBC Make It" üçün yazdığı məqalədə danışıb.
Onun sözlərinə görə, müsahibənin sonunda namizəddən "Mənim sizə sualım var" bölməsində sual verməsi istənildikdə, işəgötürən artıq namizədin bacarıqları barədə ilkin qərarını vermiş olur. Bu mərhələdə əsas məqsəd şəxsin necə düşündüyünü anlamaqdır.
Ekspert bildirib ki, insanların əksəriyyəti bu fürsətdən düzgün istifadə etmir və maaş artımı, şirkət mədəniyyəti və ya gündəlik iş tapşırıqları barədə suallar verir. Lakin ən uğurlu namizədlər başqa məsələyə diqqət yetirirlər: şirkətin məhz həmin şəxsi işə götürməklə hansı problemi həll etmək istədiyini öyrənməyə çalışırlar.
"Şirkətlər vəzifələri sadəcə əyləncə üçün yaratmırlar. Kimsə həll edilməli olan problemlə qarşılaşıb və ona nəzarətə ehtiyac olmadan bu işi görə biləcək insan lazımdır", deyə Şarqi bildirib.
Keçmiş rekuter müsahibədə verilə biləcək dörd nümunə sual təqdim edib:
"Hazırda əslində nə düzgün işləmir və mənim nəyi düzəltməyimi istəyirsiniz?", deyən Şarqinin sözlərinə görə, bu sualı səmimi şəkildə vermək vacibdir, onu tələ kimi təqdim etmək olmaz.
"Bir ildən sonra mənim bu vəzifəyə götürülməyimlə bağlı düzgün qərar verdiyinizi anlamağınız üçün nə baş verməlidir?" – Bu sual namizədin artıq özünü həmin rolda təsəvvür etdiyini göstərir.
"Komandadakı hansı əməkdaşı klonlamaq istərdiniz?" – Bu sual şirkətdə hansı xüsusiyyətlərə sahib əməkdaşların daha çox qiymətləndirildiyini anlamağa kömək edir.
"Bu işin hansı hissəsi insanlar tərəfindən lazımınca qiymətləndirilmir?" – Şarqinin fikrincə, bu sual müsahibə aparan şəxsə işdə onu ən çox narahat edən və ya düşündürən məsələlər barədə danışmaq imkanı verir.
Şarqi qeyd edib ki, müsahibələr çox vaxt namizədin seçilməyə çalışdığı bir sınaq kimi qəbul edilir. Lakin onun dərhal işə götürmək istədiyi insanlar bu prosesə fərqli yanaşıblar: onlar özlərini sanki artıq işin ilk günündəymiş kimi aparıb və hansı problemləri həll etməli olduqlarını anlamağa çalışıblar.
Aydın
Şərhlər