Harvard Universitetinin xoşbəxtlik üzrə tədqiqatçısı Artur K. Bruks insanların bütün arzularına çatmasının onları həmişə daha xoşbəxt etmədiyini izah edib. Onun fikrincə, xoşbəxtliyə gedən yol daha çox şey əldə etməkdən deyil, bəzi istəklərdən azad olmağı bacarmaqdan keçir.
Qaynarinfo xəbər verir ki, müasir cəmiyyət ambisiyaları, məqsəd qoymağı və uğur qazanmaq üçün davamlı çalışmağı yüksək qiymətləndirir. İnsanlara uşaqlıqdan belə bir fikir aşılanır: istək + ambisiya + məqsəd + bütün imkanlardan istifadə etmək = uğurlu və xoşbəxt həyat.
Lakin Harvard Universitetinin xoşbəxtlik üzrə tədqiqatçısı Artur K. Bruks apardığı araşdırmalar və şəxsi təcrübəsi nəticəsində bu düsturun tam doğru olmadığını müəyyən edib.
"Upworthy" nəşrinin məlumatına görə, Bruks "zövq siyahısı"nın (bucket list) əvəzinə daha xoşbəxt yaşamaq üçün "əks istəklər siyahısı"ndan istifadə edir.
Ad günü siyahısı hər şeyi dəyişdi
Bruks bildirib ki, əvvəllər hər doğum günündə arzuladığı şeylərin, ambisiyalarının və əldə etmək istədiyi məqsədlərin siyahısını hazırlayırdı.
Lakin 50 yaşında olarkən 40 yaşında yazdığı siyahını tapıb və mühüm bir nəticəyə gəlib.
"Qırx yaşımda yazdığım siyahıya baxdım və gördüm ki, oradakı hər şeyi həyata keçirmişəm. Amma 50 yaşımda 40 yaşımdakı qədər xoşbəxt deyildim", deyə o bildirib.
Sosioloq kimi vəziyyəti təhlil edən Bruks bunun səhv yanaşmadan qaynaqlandığını anlayıb.
"Mən zövqümün daha çox şeyə sahib olmaqdan gələcəyini düşünərək səhv etmişdim", deyə alim qeyd edib.
Onun fikrincə, uzunmüddətli və sabit məmnunluq insanın sahib olduqları ilə istədikləri arasındakı tarazlığı dərk etməsindən yaranır.
Bruks hesab edir ki, insan qısa müddət ərzində daha çox şey əldə etməklə özünü xoşbəxt hiss edə bilər, lakin davamlı xoşbəxtlik üçün bəzən daha az şey istəməyi öyrənmək lazımdır.
"Əks istəklər siyahısı" nədir?
Bruksun fikrincə, "əks istəklər siyahısı" insanın dünyəvi arzularından şüurlu şəkildə uzaqlaşmasına kömək edən üsuldur.
O, insanın təbii olaraq yeni məqsədlər və istəklər yaradacağını qəbul edir, lakin bu istəklərin insanı idarə etməsinə imkan verməməyi tövsiyə edir.
Alim izah edir ki, insan arzularını yazmaqla onları qəbul edir, üzərindən xətt çəkməklə isə həmin məqsədlərə bağlı olmadığını göstərir.
"Onları yazanda bu arzunun məndə olduğunu qəbul edirəm. Üzərindən xətt çəkəndə isə həmin məqsədə bağlı olmayacağımı qəbul edirəm", deyə Bruks bildirib.
Bu yanaşma yeni fikir deyil
İnsanın xoşbəxtliyinə mane olan əsas səbəblərdən birinin həddindən artıq bağlılıq olması fikri bir çox mənəvi ənənələrdə, xüsusilə buddizmdə geniş yayılıb.
Mütəxəssislər bildirirlər ki, bəzi bağlılıqlar sağlamdır. Məsələn, yaşamağa və yaxın insanlara bağlılıq insanın həyatını qorumağa kömək edir. Lakin dəyişkən və həddindən artıq önəm verilən şeylərə bağlılıq insanın əlavə əziyyət çəkməsinə səbəb ola bilər.
Bruksun sözlərinə görə, insan öz arzularına münasibətdə daha çevik olmalıdır, çünki bağlı olduğu şeylərin çoxu zamanla dəyişir.
Alim hesab edir ki, xoşbəxtlik düsturunda "sahib olduqlarım / istədiklərim" nisbətini yaxşılaşdırmağın ən sadə yolu istəklərin sayını azaltmaqdır.
"Əks istəklər siyahısı" insanlara arzularını idarə etməyə, onlara həddindən artıq bağlanmamağa və nəticədə daha sakit və xoşbəxt həyat qurmağa kömək edə bilər.
Aydın
Şərhlər