XƏBƏR LENTİ

Şərhlər

Xəbər lenti

İnsanlar nə qədər yaşayacaqlarını təəccüblü dəqiqliklə təxmin edir (ARAŞDIRMA)
Sağlamlıq14:09 03.09.2026

İnsanlar nə qədər yaşayacaqlarını təəccüblü dəqiqliklə təxmin edir (ARAŞDIRMA)

Yaponiyada aparılan araşdırma insanların nə qədər ömür sürəcəklərini təəccüblü dərəcədə dəqiq proqnozlaşdırdıqlarını göstərib. Əgər uzun ömür sürəcəyinizi düşünürsünüzsə, böyük ehtimalla bu, həqiqətən də belə olacaq.

Qaynarinfo xəbər verir ki, bu barədə "Wion" nəşri yazıb.

Lakin daha qısa ömür sürəcəyini düşünən insanların əksəriyyəti sonda öz proqnozlarında yanılıb və gözlədiklərindən bir neçə il daha çox yaşayıb. Araşdırmaya görə, bu insanların təxminən 59 faizi gözlənilən ömür müddətini keçib.

Tsu­kuba Universitetinin alimi Şohey Okamoto və onun komandası 60 yaş və yuxarı yaponiyalılar arasında aparılan Yaponiya Yaşlanma və Sağlamlıq Dinamikası Araşdırmasının məlumatlarını təhlil edib. Ömürlərinin hansı yaşa qədər davam edəcəyini düşündükləri soruşulan 2447 iştirakçıdan 393-ü bunu bilmədiyini bildirib. Digər iştirakçılar isə 63–120 yaş aralığında proqnoz veriblər.

28 il sonra, 2024-cü ildə tədqiqatçılar həmin dövr ərzində vəfat etmiş 1514 nəfərin gözlənilən və faktiki ömür müddətini müqayisə ediblər. Nəticədə məlum olub ki, daha uzun yaşayacağını düşünən şəxslər həqiqətən də gözləniləndən daha çox il ömür sürüblər.

Bəs müsbət düşüncə onların uzunömürlülüyünə səbəb olub? Alimlər hələlik bunun səbəbini təsdiqləyə bilmirlər. Çünki əldə olunan məlumatlar yalnız müşahidə xarakterlidir və səbəb-nəticə əlaqəsini sübut etmir.

80 rəqəminin sirri

Tədqiqatçıların diqqətini çəkən məqamlardan biri iştirakçıların böyük hissəsinin 80 yaşını qeyd etməsi olub. Bu rəqəm 1996-cı ildə Yaponiyada hər iki cins üçün doğuş zamanı gözlənilən orta ömür uzunluğuna yaxın idi. İnsanların çoxunun bu göstəricidən xəbərdar olması ehtimal edilir. Buna görə də iştirakçılar şüursuz şəkildə məhz 80 yaşını seçmiş ola bilərlər.

Digər tərəfdən, özünü sağlam hiss edən və ailəsində uzunömürlülük nümunələri olan insanlar daha çox yaşayacaqlarına avtomatik olaraq inana bilərlər. Bundan başqa, qadınların və təhsil səviyyəsi yüksək olan insanların öz gözləntilərini üstələmək ehtimalı daha yüksək olub.

Tədqiqatçıların diqqət yetirdiyi digər məqam isə daha çox təhsil ili olan iştirakçıların 75, 80 və ya 85 kimi 5-ə bölünən yaşları daha az seçməsi olub. Buna baxmayaraq, onların bir çoxu sonda öz ömür müddətlərini düzgün qiymətləndirməyib və gözləntilərindən daha uzun yaşayıb.

Aydın